"Siyasi sistemimiz öz inkişaf tarixinin yeni bir mərhələsinə qədəm qoydu" - Hikmət Babaoğlu

21 May 2024 17:41 (UTC+04:00)

Azərbaycanın siyasi sitemi siyasi həmrəylikdən legitim konstruktiv əməkdaşlığa qədər mühüm bir inkişaf dinamikası göstərdi.

“Azərbaycanın siyasi sitemi qısa müddət ərzində siyasi həmrəylikdən legitim konstruktiv əməkdaşlığa qədər mühüm bir inkişaf dinamikası göstərməyi bacardı. İlk dəfə 2020-ci ildə milli maraqlarımız ətrafında vahid mövqe nümayiş etdirməyi bacaran siyasi partiyalar sonrakı mərhələdə siyasi partiyalar haqqında yeni qanunun qəbulu edilməsi ilə hüquqi və konstruktiv fəaliyyət üçün tamamilə fərqli reallığa daxil oldu. İlkin mərhələdə qeydiyyat, maliyyə hesabatlılığı, hüquqi qeydiyyatdan keçmə prosedurlarına təzyiq vasitəsi kimi baxanlar qısa müddət sonra bunun belə olmadığını əyani çəkildə hiss etdilər. Maraqlıdır ki, siyasi sistemimizin daxili aktorlarından cəmisi bir siyasi partiya yenilənmə prosesindən kənarda qalmağı seçdi və özünü ictimai rəyin nəzdində sistemin autsayderinə çevirərək, tiktoter statusuna endirdi. Şübhəsiz ki, bu siyasi sistemimizin tamamilə fərqli keyfiyyətdə, yenidən təşkilatlanmasına mane ola bilmədi. Nəticədə ötən əsrin 90–cı illərinin ictimai-siyasi reallıqları əsasında formalaşan siyasi sistemimiz yeni reallıqlara uyğunlaşaraq öz inkişaf tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoydu”.

Bunu AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu hadisə əslində siyasi partiyaların özlərini hansısa xarici abstrak demokratik mərkəzlərin inhisarından qurtarması və milli demokratiya kimi mühüm bir institutlaşmaya uyğunlaşdırması da hesab edilə bilər.

“Siyasi sistemimizin aparıcı aktorları artıq ATƏT, Avropa Şurası, müxtəlif siyasi fondlar vasitəsilə deyil, milli dövlətimizin müvafiq institutları ilə birbaşa görüşür. Onu narahat edən məsələləri müzakirə edir. Bu partiyaların öz milli dövlətinə və mənsubiyyətini və etimadını göstərir. Beləliklə, bu gün Azərbaycanın siyasi sistemi milli keyfiyyət qazanmaqla məhz milli demokratiya nümunəsi yaradır. Nəzərə almaq lazımdır ki, bütün bunlar Ermənistanda bu ölkənin siyasi sisteminin iflas etdiyi, Gürcüstanda siyasi sistemin dərin bir böhran mərhələsinə qədəm qoyduğu bir vaxtda baş verir. Bu günlərdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Azərbyaycanda fəaliyyət göstərən 25 siyasi partiyanın rəhbərləri ilə görüşməsi, dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunması ilə Azərbaycan dövlətinin demokratik inkişafımızın gələcəyi baxımından mövqeyini bir daha ifadə etməsi siyasi sistemimizin daha da inkişafı üçün yeni perespektivlər yaradır. Bu isə yeni milli çağırışlar baxımından strateji əhəmiyyətə malikdir”.

Rəfiqə NAMAZƏLİYEVA