"Azərbaycan-İran münasibətləri çətin dönəmini geridə qoydu" -Siyasi şərhçi

27 May 2024 18:19 (UTC+04:00)

“İran Prezidenti İbrahim Rəisinin faciəli ölümündən sonra hakimiyyətə kimin gələcəyi dünya ictimaiyyətinin müzakirə mövzusuna çevrilib. Məsələ Azərbaycanda da tez-tez gündəmə gəlir. Bəzi ekspertlər iddia edir ki, İranın növbəti prezidenti Azərbaycanla münasibətlərin normallaşması üçün Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar ata bilər”.

“Düşünmürəm ki, bu faciəvi hadisə, İran prezidenti və onunla birgə bir sıra mühüm siyasətçilərin həlakı Azərbaycan-İran münasibətlərini mənfiyə dəyişəcək. Əksinə mərhum İranın prezidentinin Azərbaycana son səfəri nəticəsində çox mühüm qərarlar qəbul olunub”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Rizvan Hüseynov deyib.

O qeyd edib ki, Zəngəzur, Şimal-Cənub yolu marşrutu ilə bağlı önəmli qərarlar danışılıb.

“Əslində hakimiyyət dəyişikliyi olsa da, bu məsələdə hansısa neqativ dəyişiklik olmamalıdır. Azərbaycan-İran münasibətləri çətin dönəmini geridə qoydu. Böyük ehtimal ki, əksinə, daha pozitiv çalarla hər iki ölkənin münasibətləri düzəlməyə doğru gedəcək. Birgə iqtisadi, nəqliyyat, enerji layihələr bunun üçün də ciddi bir zəmin yaradır”.

RƏFİQƏ NAMAZƏLİYEVA