“Şahinlər” düşərgəsi bağlandı

14 Avqust 2013 14:13 (UTC+04:00)


Səbail rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunları və "Çağ" Öyrətim İşlətmələri şirkətinin birgə layihəsinə yekun vurulub. Layihə əsasında təşkil olunan "Şahinlər" Hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatıb. İstirahət düşərgəsinin təntənəli bağlanış mərasimi keçirilib.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, aztəminatlı ailələrin yaşadığı Bayıl və 20-ci sahə ərazisində, Badamdar və Bibiheybət qəsəbələrində yaşayan və rayonun orta məktəblərində təhsil alan şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində tərbiyə alan 200 uşaq "Şahinlər" yay istirahət düşərgəsində 2 həftə ərzində istirahət edib. Düşərgədə hərbi-səhra çadırı qurulub, səhra mətbəxi yerləşdirilib, məşğələlər hərbi nizamnaməyə uyğun keçirilib.

Uşaqların Qubanın görməli yerlərinə, rayonun tarixi guşələrinə, soyqırım qurbanlarının Qubadakı məzarlığına gəzintiləri təşkil olunub. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçirilib, burada onlar hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olaraq xüsusi təyinatlı bölüyün məşqlərinə qatılıblar. Düşərgənin bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən layihə təşkilatçıları - Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar.

Elnarə
AzNews.az