“Azərbaycan Vətən Müharibəsindəki qələbəsi və torpaqların tamamını düşməndən azad etməsi, suverenliyini tam bərpa etməsi, təbii olaraq dostlarımızı sevindirsə də bizi istəməyən qüvvələri narahat etməyə başlayıb. Hazırda dünyada baş verən kataklizmlər, müharibələr, terrorlar, təhdidlər belə nəticəyə gəlməyə bizi məcbur edir ki, daha tədbirli olmalıyıq. Siyasi münasibətlərin sürətlə dəyişdiyi bir dövrdə stabilliyimizi, müstəqilliyimizi əbədi olaraq qoruyub saxlamalıyıq. Bunun üçün də bu gün Azərbaycan dövləti bütün vacib addımlar atır. Cənab Prezidentinin çox ağıllı, çevik siyasəti, düşünülmüş məqsədyönlü gedişlər bütün bu təhdidlərdən və bəlalardan ölkəmizi qoruya bilir. Təbii olaraq bölgəmiz özü çox çətin bir coğrafi relyefdə yerləşir. Biz Şərq-Qərb qovşağındayıq və hazırda dünyada yolların uğrunda gedən mübarizədə Azərbaycanda dünya ölkələri içərisində kiçik ölkə olmasına baxmayaraq, mahiyyətcə çox böyük layihələrə imza atır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O qeyd edib ki, qlobal güc tərəfindən baxsaq, artıq ölkəmizin çox sürətlə artan nüfuzu var.
“Cənab Prezident İlham Əliyevin “Xudafərin” hidroqovşağın istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı bir çox vacib məsələlərə toxundu. “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxilə etməsi qəbuledilməzdir”- ifadəsinin çox böyük anlamı var. Konkret olaraq bu, Fransa, ABŞ və digər qüvvələrə ünvanlanmış mesajdır. Cənab Prezident bir müddət öncə onu açıq da sözlə söyləmişdi. ABŞ və Fransada əsas da Fransanı qeyd etmişdi ki, özündən min kilometr uzaqda olan ölkələrə, Cənubi Qafqaza müdaxilə etməyə çalışır, lakin qarşısında çox güclü Azərbaycanı görür. Bizim ölkəmiz, dövlətimiz sözü, fəaliyyəti olmadan bu bölgədə heç bir layihələr icra oluna bilməz. Bu bizim gücümüzün göstəricisidir. Təbii ki, qonşularımızla olan münasibətlərdə də İran, Rusiya həmçinin qardaş Türkiyə, Gürcüstanla yüksək səviyyəli münasibətlərimiz mövcuddur. Yalnız Ermənistanla 30 ilə yaxın olan münaqişə var idi, bu da artıq bitib. Azərbaycan bunu öz gücünə və beynəlxalq hüququn prinsiplərinə uyğun həll edib. Bu gün də Ermənistanla ikitərəfli olaraq müdaxiləsiz, digər güclərin və dövlətlərin vasitəçiliyi olmadan ikitərəfli formada sülh gündəliyində irəliləməsi üçün çox vacib, önəmli addımlar atır”.
“Əlbəttə bu gün sözün əsl mənasında digər güclərin regiona müdaxiləsinin qarşısını alan əsas güc faktoru Azərbaycandır. Azərbaycan bu kontekstdən baxsaq, artıq bir müqavimət ortaya qoyub. Əksinə eyni vaxtda həm də Fransa və ona bənzər bu siyasət aparan dövlətlərə öz yerini göstərə bilib. Azərbaycan bu gün heç bir dövlətlərin, ölkələrin işinə qarışmır və özümüz problemlərimizi həll edirik, yalnız bölgəmizdə yox, dünyaya sülhü və tərəqqini təbliğ edirik. Bu mənada İranla olan münasibətlərimiz də bunu deməyə əsas verir ki, artıq Azərbaycan prezidenti və İranın mərhum prezidenti ilə son görüşdə də bir çox müsbət mesajlar verildi. Təbii ki, İran siyasətində Azərbaycanla olan münasibətlərə yenidən baxılır. Biz düşünürük ki, qarşıdakı zamanda İran-Azərbaycan münasibətləri müsbət məcrada, rəvan getməyə başlayacaq.
İranda Azərbaycan səfirliyi fəaliyyətə başlayacaq. İranda həmçinin Azərbaycanla birgə bölgəyə yalnız özümüzdən başqa digər dövlətlərin və güclərin daxil olmasına birlikdə imkan verməyəcək. Bunun üçün artıq bütün demək olar ki, ölkə başçılarının siyasi iradəsi mövcuddur. Sözsüz ki, bu fonda Azərbaycan və İran münasibətləri müsbət məcraya düşülməsində hər iki tərəfin mövqeyi açıq aydındır. Kimin prezident seçilməsindən, hansı güclərin hakimiyyətdə olmasından asılı olmayaraq görürük ki, Azərbaycan və İran arasındakı münasibətlərdə buzların əriməsi artıq göz önündədir. Gələcək zamanda da artıq bu münasibətlərin yüksək səviyyəyə qalxması üçün vacib, önəmli addımlar atılacaq. Düşünürəm ki, bu Azərbaycanın mövqeyidir. Biz bütün qonşularla yaxşı münasibət olmasının, saxlanmasının tərəfdarıyıq”.
Rəfiqə NAMAZƏLİYEVA