Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi olub

2 İyun 2024 19:01 (UTC+04:00)

Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi olub.

Aznews.az xəbər verir ki, son tura lider kimi başlayan təmsilçimiz bu gün heç-heçə oynayıb.

9-cu turda M.Muradlı çinli Dai Çanqrenlə xalı yarı bölüb.

Beləliklə, 9 turda ümumilikdə 7 xal toplayan Məhəmməd Muradlı "Dubai Open 2024"ü qalib kimi başa vurub. Şahmatçımız həmçinin 16 000 ABŞ dolları mükafat əldə edib.

6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. O, əlavə əmsallara görə 6-cı yeri tutub.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yarışdan sonra şahmatçılarla görüşüb, eyni zamanda M.Muradlını qələbə münasibətilə təbrik edib.