Saxta qida məhsulu satışının qarşısı alındı

14 Avqust 2013 16:09 (UTC+04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxsə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı saxta dovğa istehsal edildiyi müəyyən edilib. Bu barədə Trend-ə çərşənbə günü nazirliyin Mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Belə ki, Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, K.İsmayılov küçəsi, ev 26/11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Hikmət Fəxrəddin oğlu tərəfindən dovğanın gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə məhsulların markalanmasında istehsal tarixi və saxlama müddətlərinin göstərilmədiyi aşkar edilib. Bundan başqa, fiziki şəxs tərəfindən başqa təsərrüfat subyektinin adından istifadə edilməklə saxta süd məhsullarının istehsal edildiyi də müəyyən olunub.

Aşkar edilmiş 940 litr saxta dovğa satışdan çıxarılıb.

Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti tərəfindən Hikmət Məmmədov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

AzNews.az