"Cənubi Qafqaz bu gün geosiyasi amilə çevrilib" - siyasi şərhçi

4 İyun 2024 20:46 (UTC+04:00)

“Erməni politoloq Stepan Danielyan Türkiyə rəsmilərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması arzularını ifadə etməsini “tələskənlik” kimi qiymətləndirib. O, yaxın aylarda beynəlxalq konfiqurasiyanı dəyişə biləcək fundamental hadisələrin gözlənildiyindən də danışıb”.

“Azərbaycan-Ermənistan arasındakı sülh müqaviləsi regiona sülh və əməkdaşlıq gətirəcək. Buna görə indiki yaranmış münbit mühitdən istifadə etməyin nə qədər faydalı olacağını Türkiyə iddia edir. Düşünürəm ki, bu iddiada doğrudur. Çünki bunun alternativi regionu qarışdırmaq, yeni yanğına müharibəyə təhrik etməkdir. Cənubi Qafqaz bu gün, demək olar ki, bir çox regionları birləşdirəcək, onların arasında körpü olacaq, çox ciddi geosiyasi amilə çevrilib. Bu gün Cənubi Qafqazda geosiyasi rəqabət meydanıdır və bu rəqabət Ermənistan münaqişəsi üzərindən edilir. Təbii ki, bu prosesdə Qərb-Rusiya qarşıdurması kontekstində bir də İran amili faktoru, digər amillər var. Bunun üçün də əgər sülh müqaviləsi imzalanarsa, bu regiona əməkdaşlıq gətirər ki, həm də yeni nəqliyyat və kommunikasiya sistemlərinin fəaliyyətinə yol açar. Kommunikasiya nə deməkdir? Nəqliyyat, ticarət, əməkdaşlıq, sülh deməkdir. Bu, əmin-amanlıq və qarşılıqlı maraqlar deməkdir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O qeyd edib ki, sülh müqaviləsinin imzalanması bütün hadisələri qabaqlamaqla bərabər, regionda sülhə və əməkdaşlığa yol açmaq deməkdir.

“Türkiyə burada bu mövqeyi ortaya qoyur. Bunun baş tutmasını istəməyənlər ancaq müharibəni istəyənlər, eyni zamanda müharibə tərəfdarı olan digər geosiyasi güclərin əlaltılarıdır. Əlbəttə ki, Türkiyənin bu mövqeyi doğrudur. Ermənistan da bunu doğru, dürüst dəyərləndirərsə, özünün maraqlarını ifadə edən, regionun da təhlükəsizliyinə təminat verən müstəqil siyasət yürüdə bilərsə sülhə əngəl deyil, yolunu açarsa, təbii ki, bu müqavilə imzalana və regiona sülh gələ bilər. Həmçinin belə olduğu təqdirdə regiondakı rəqabət də tədricən aradan qalxar”.

Rəfiqə NAMAZƏLİYEVA