“Baqrat Qalstanyan mayın əvvəlindən etibarən “Vətən naminə Tavuş” hərəkatını başladarkən açıqlama vermişdi ki, hazırkı Paşinyanın başçılıq etdiyi rəhbərlik guya Ermənistanın milli maraqlarını satır, xəyanət edir. Eyni zamanda Ermənistanın Azərbaycana güzəştlər hədsiz güzəştlər etməsinə vəsilə olur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Siyasi şərhçi qeyd edib ki, reallığın tamamilə buna uyğun olmaması aydın məsələdir:
“Çünki Azərbaycan apreldə beynəlxalq hüquqla onun ərazisi sayılan dörd kəndi qeyri-hərbi yolla geri aldı. Bu, əslində böyük bir nailiyyətdir. İki ölkə arasındakı münasibətlərdə bu hadisə əslində sülhün qapının ağzında olduğunun göstəricisidir. Yəni sülh hər an imzalana bilər. Əgər daxildən və xaricdən buna maneçilik törədilməsə, daxildən elə ən böyük manelərdən biri də daxildə baş verən üsyanlar etirazlardır ki, bu da sözsüz ki, hazırkı hakimiyyətin diqqətini istər-istəməz bu yönə cəlb etmiş olur. O ki qaldı Qalstanyanın çıxışına, Bakı ilə beynəlxalq vasitəçilər olmadan bu günə kimi iki ölkə arasındakı delimitasiya məsələsində ən böyük nailiyyətə aprel ayında imza atıldı. Qazaxın dörd kəndi Azərbaycana geri verildi. Qeyri-hərbi yolla və burada hansısa bir vasitəçi iştirak etmirdi. İkitərəfli danışıqlarda, yəni birbaşa danışıqlarda bu məsələ həll olundu. Bu o deməkdir ki, beynəlxalq vasitəçiyə ehtiyac yoxdur. Eyni ilə sülh prosesində də tərəflər arasında danışıqlar gedir. Burada da beynəlxalq vasitəçiyə ehtiyac yoxdur”.
“Artıq İkinci Qarabağ müharibəsindən bu günə kimi bir neçə il idi ki, beynəlxalq vasitəçilərin biz iştirakının şahidi olduq. İstər Brüssel, istər Soçi, istər Vaşinqton platforması çərçivəsində ancaq beynəlxalq vasitəçilər istənilən sülh prosesinin irəliləməsinə ciddi töhfə verə bilmədilər. Nəyə görə? Birincisi, vasitəçilərin özünün öz marağı var, regional maraqlarını həyata keçirməyə çalışırlar, nəinki sülh prosesinə nail olunmasını. İkincisi də ki, həmin vasitəçilərin özlərinin arasında münaqişə olduğuna görə də bu prosesin irəliləməsinə maneçilik törədirdi. Nümunə kimi deyə bilərik ki, Vaşinqton Moskvanın prosesdə fəallığını istəmirdi. Həmçinin Moskvada Vaşinqtonun Cənubi Qafqazda öz təsir dairəsini genişləndirməsini istəmir. Belə olan halda sözsüz ki, ən uğurlu seçim birbaşa ikitərəfli danışıqlardır. Sadəcə, Qalstanyanın insanlar üzərində radikal, sağçı fikirləri irəli sürərək insanları manipulyasiya etməyə guya ermənilərin uzun illər ən böyük bəlası sayılan “dənizdən-dənizə Ermənistan”, sözdə “erməni soyqırımı”, “Böyük Ermənistan” kimi ideyalar irəli ataraq xalqı öz arxasınca daşımağa çalışır. Guya qeyd edir ki, indiki halda vasitəçilər olmasa, Ermənistanın başına böyük bəlalar gələr. Ermənistan böyük torpaq itkisi ilə üzləşər, ancaq dediklərinin hər biri başdan-ayağa cəfəngiyatdır. Azərbaycanın Ermənistana qarşı ərazi iddiası heç vaxt olmayıb, yoxdur. Azərbaycan sadəcə delimitasiya və demarkasiyanın həyata keçirilməsini, iki ölkə arasında nəqliyyat-kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasını, sülh sazişinin imzalanmasını və nəhayət 1988-1989, 1948-1953-cü illərdə indi Ermənistan Respublikası olan Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın geri qayıtmasını istəyir. Bizim bundan başqa bir istəyimiz, tələbimiz yoxdur. Əgər bunlar yerinə yetərsə, regionda dayanıqlı sülhə və əmin amanlığa böyük imkanlar yaranacaqdır”.
Rəfiqə NAMAZƏLİYEVA