"Ermənistandakı etirazların arxasında həm də Rusiya var" - siyasi şərhçi

20 İyun 2024 14:17 (UTC+04:00)

“İyunun 18-də Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub və bu telefon danışığında Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib. Daha sonra ikitərəfli münasibətlər və regiondakı məsələlər müzakirə olunub. Qeyd etmək lazımdır ki, bu telefon danışığı iki ölkə arasındakı münasibətlərin normallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Biz bilirik ki, İkinci Qarabağ savaşından sonra Türkiyə ilə Ermənistan arasında müəyyən normallaşma prosesinə start verildi. Hətta iki ölkənin xüsusi nümayəndələri arasında bir neçə görüş baş verdi. Ən son bu görüş 2022-ci ilin iyulunda Vyanada baş vermiş və tərəflər müəyyən məsələlərdə razılığa gəlmişlər. Hətta bu razılığa gəlinən məqamlardan biri də üçüncü dövlətin vətəndaşlarının Ermənistandan Türkiyəyə əks istiqamətdə keçə bilməsi ilə bağlı idi. Lakin həmin vaxtdan sonra iki ölkə arasında hər iki ölkənin xüsusi nümayəndələri arasında görüş baş tutmamış. Bu da normallaşma prosesini ləngidən amillərdən olmuşdur”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Siyasi şərhçi qeyd edib ki, bu telefon danışığının normallaşmanın növbəti mərhələsinə təkan verəcəyini güman etmək olar.

“Bu, hər şeydən əvvəl Ermənistan üçün vacibdir. Çünki Ermənistanla Türkiyənin sərhədləri qapalıdır. Biz bilirik ki, Birinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfi bu sərhədləri qapatmışdı və bu da Ermənistanın sözsüz ki, iqtisadi inkişafına böyük əngəl törədən səbəblərdən biridir. Paşinyan dəfələrlə bəyanatlarında Türkiyə ilə normallaşmanın tərəfdarı olduğunu səsləndirsə də, bu proses hələ də lazımi nəticə əldə etməmişdir. Çünki bunu istəməyən qüvvələr var və onların başında da İran gəlir. Əgər Ermənistan və Türkiyə arasında sərhədlər açılarsa, diplomatik münasibətlər qurularsa, İran bundan zərər görəcəkdir. İranın geosiyasi əhəmiyyəti azalacaqdır. İkinci bir tərəfdən hazırda Ermənistanda çox ciddi təlatümlər yaşamaqdadır. Ermənistan daxilində etiraz dalğaları baş verməkdədir. Kilsənin və Qarabağ klanının dəstəyi ilə baş tutur. Əslində isə kilsə və Qarabağ klanı aysberqin görünən tərəfidir. Düşünürəm ki, bu etirazların arxasında həm də Rusiya var. Ermənistanın bu Qərb ritorikası, Fransa ilə Amerika ilə işbirliyi Rusiyanı narahat edən məqamlardan biridir. Belə olduğu halda Rusiyanın Ermənistana qarşı daha sərt siyasət yürüdəcəyini və hansısa bir müdaxilə gerçəkləşdiriləcəyini istisna etməmək lazımdır. Sözsüz ki, Ermənistan belə olan halda Qərbdən daha çox imdad diləyəcək. Eyni zamanda NATO üzvü olan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına, səy göstərəcəkdir. O ki qaldı Bakı bu prosesin harasındadır, Bakı bu prosesin ortasındadır. Çünki Türkiyə həmişə şərt qoyub ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, Azərbaycan-Ermənistan münasibətlərindəki irəliləyişlə əlaqəlidir. Yəni Azərbaycanla Ermənistan arasındakı sülh prosesi nə qədər irəli doğru gedərsə, Türkiyə-Ermənistan münasibətlərində də bir o qədər irəliləyiş qeydə alınır. Bu baxımdan Ermənistan ilk növbədə Azərbaycanda olan sülh prosesinə töhfə verməli, bu prosesi yubatmamalı və Konstitusiyasında lazımi dəyişiklik edərək Azərbaycanın şərtlərini qəbul etməlidir”.

Rəfiqə NAMAZƏLİYEVA