"Paşinyan anlayır ki, ölkəsinin inkişafı qonşularla normal münasibətlərdən keçir" - siyasi şərhçi

21 İyun 2024 18:05 (UTC+04:00)

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib ki, Paşinyanın Sünikə (Zəngəzur – red.) səfəri, şübhəsiz ki, respublikanı referendum prosesinə hazırlamaq məqsədi daşıyır: “Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan hökuməti daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır. Söhbət Tiqranaşen (Kərki – red.), Tavuşda isə Sofulu, Bərxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir”.

“Böyük ehtimal Ermənistanda keçiriləcək referendumda yalnız 4 kənd məsələsi deyil, digər məsələlər, Ermənistan konstitusiyasına dəyişiklik maddələri daxil edilə bilər. Məlumdur ki, Ermənistan konstitusiyasında qonşu ölkələrə ərazi iddiaları məsələsi yer alır, hələ ki, qonşu ölkə Azərbaycanla sərhədlərin delimitasiyası və sülh müqaviləsi imzalanmayıb”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O bildirib ki, bütün bunlar mərhələli prosesdir və yəqin ki, Paşinyanın fikri bütün bu məsələlərin kompleks halda referendum vasitəsi ilə həllinə nail olmaqdır:

“Paşinyanın çıxışlarından da belə qənaətə gəlmək olar ki, bu addımlar və referendumun keçirilməsi ölkənin yeni mərhələyə, qonşularla normal münasibətlərə qədəm qoymasına gətirib çıxara bilər. Ola bilsin ki, Zəngəzur məsələsi də bu referendumun tərkibində yer alsın. İstənilən halda biz görürük ki, Ermənistanın hazırkı baş naziri anlayır ki, ölkəsinin inkişafı qonşularla normal münasibətlərdən, onlara tarixən aid olmayan torpaqları qaytarmaqdan və sağlam ideologiyadan keçir. Bunun təməli yeni qanunların qəbulundan və yeni konstitusiyadan keçir, indiki proses isə erməni xalqını buna mərhələli şəkildə hazırlamaq sayıla bilər”.

Rəfiqə NAMAZƏLİYEVA