Ərdoğan: “Misirdə yalnız insanlar deyil, insanlıq ölür”

15 Avqust 2013 13:56 (UTC+04:00)



Baş nazir Ərdoğan Türkmənistan səfəri ərəfəsində gündəmdəki mövzularla əlaqədar hava limanında mətbuat konfransı təşkil edib.

AzNews.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ərdoğan çıxışının böyük hissəsini, Misirdə yaşanan qırğına ayırıb. "Aralıq dənizi də bizim qonşumuzdur, söyləyəcək sözümüz var" - deyən Ərdoğan, "ərəblərin daxili işlərinə qarışma" xəbərdarlığı edənlərə "Suriya üçün niyə kömək istədiniz? Onlar da ərəb deyilmi?" deyə reaksiya verib.

Baş Nazir Suriya, Misirdə yalnız demokratiya deyil, insanlığın hədəfə alındığını ifadə edərək, "Misirdəki qırğına səssiz və reaksiyasız qalanlar da məsuldur, yaşananları görməməzlikdən gəlmək cinayətə ortaqlıqdır.

Susmaq, təsdiq, hətta təşviq edib ortaq olmaqdır. Susanlar bu mərhələdən sonra hansı üzlə demokratiyadan bəhs edəcək? Qərbə səslənirəm: Bu mərhələdən sonra kim inanacaq sizə?!" - deyə çıxışını davam edib. Sonda baş nazir zülmün uzun sürməyəcəyini vurğulayıb: "Misirdə yalnız insanlar deyil, insanlıq ölür. Dünya firona belə qalmadı, gec-tez bir Musa çıxacaq. Misirdəki müqəddəs müqavimət bütün dünyaya nümunədir. Misir xalqı bilsin ki, bölgə xalqlarının ürəkləri onlarla birlikdədir".


Əli Rais Hüseynli
AzNews.az