Sakinlərin mal- qarasını oğurlayan müəllim saxlanıldı

15 Avqust 2013 17:00 (UTC+04:00)
Sabirabadda sakinlərin mal-qarasını oğurlayan musiqi müəllimi tutulub.

Sabirabad Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi Elnur Əliyevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Sabirabad rayonu Yenikənd kənd sakini ayrı-ayrı vaxtlarda bir kənddən bir neçə vətəndaşa məxsus 12 baş iribuynuzlu heyvanı oğurlayıb.

Rayonun Qruzma kənd sakinləri Rayon Polis Şöbəsinə müraciət edərək 2012-2013-cü illərdə naməlum şəxsin onlara məxsus iribuynuzlu mal qaralarını oğurladığını bildiriblər.

Aparılmış əməliyyat istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, mal-qaraları oğurlayan şəxs Sabirabad rayonu Yenikənd kənd sakini Pərviz İsrafil oğlu Həsənovdur. Oğurlanmış heyvanlardan 4-ü İ. Həsənovun və qardaşının yaşadığı evin həyətində aşkar olunaraq sahiblərinə qaytarılıb.

Qeyd edək ki, Pərviz Həsənov Yenikənd kənd orta məktəbində musiqi müəllimi işləyir.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az