“İrandakı səfirliyi tezliklə yenidən fəaliyyətə başlayacaq. Bu barədə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu İran mediasına açıqlamasında bildirib. Diplomat Azərbaycanın İrandakı səfirliyinin yaxın günlərdə - 15-20 gün ərzində yenidən açılacağını qeyd edib”.
“İranda Azərbaycan əsilli Məsud Pezeşkianın prezident seçkilərində qalib gəlməsindən sonra İran- Azərbaycan ikitərəfli münasibətlərində, ümumiyyətlə regional müstəvidə biz yeni geosiyasi reallıqların şahidi olacağıq. Əvvəla qeyd etmək lazımdır ki, İranda prezidentin səlahiyyətləri o qədər də çox deyil. Orada daha yuxarı pillədə ali dini lider dayanır və onun tapşırıqlarına əsasən prezident addım atır”.
Bunu AzNews.az-a açıqlamasında "Report" İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.
O qeyd edib ki, Məsud Pezeşkianın etnik azərbaycanlı olması özü müsbət bir faktordur.
“İbrahim Rəisidən fərqli olaraq Məsud Pezeşkian liberal, islahatçı siyasətçidir. Halbuki Rəisi daha radikal və mühafizəkar idi. Ümumi baxdıqda fərqlər aydın görünür. Bu baxımdan biz münasibətlərdə müəyyən dəyişikliklərin şahidi ola bilərik. Düşünürəm ki, bundan sonra iki ölkə arasında münasibətlər daha da yaxşılaşacaq və inkişaf edəcəkdir. Bildiyimiz kimi, İbrahim Rəisi ilə Azərbaycan prezidenti İlham Əliyev sərhəddə görüşəndə Rəisi müxtəlif razılaşmaların olduğunu demişdi. Mümkündür ki, Pezeşkianın dövründə bu razılaşmaların müəyyən hissəsi icra olunsun. Hətta münasibətlərin inkişafının ilkin addımı, təməli məhz səfirliyin açılması ola bilər”.
“Ola bilsin, həqiqətən də bu ayın sonuna kimi İrandakı səfirliyimiz bərpa olunsun. Amma bundan əvvəl mütləq, əgər belə bir şey olacaqsa, qarşıdakı günlərdə İran tərəfi sensasional hesab olunan məlumat yayacaq və xüsusilə səfirliyə hücumla, cinayətkarla bağlı, ümumiyyətlə hadisənin motivi ilə bağlı mümkündür ki, nəyisə desin. Hər halda bunun üçün zəmin olmalıdır. Lakin səfirliyin fəaliyyətinin bərpa olunacağı ağlabatandır. Pezeşkianın Azərbaycana mümkün gözlənilən səfərində yəqin ki, ikitərəfli və regional məsələlər bütövlükdə müzakirə olunacaq”.
Rəfiqə NAMAZƏLİYEVA