“Ermənistanla danışıqlar gedir və ümid var ki, yekun razılaşmalar olacaq, lakin məsələnin əsas mahiyyəti bundan ibarətdir ki, Ermənistan siyasi baxımdan sabit ölkə deyil, biz rəsmi İrəvan tərəfindən dəfələrlə bir-birini təkzib edən bəyantların şahidi olmuşuq. Əsas səbəb də budur ki, bu ölkə müstəqil siyasət yürüdə bilmir, ayrı-ayrı xarici güclərin əlində alətə çevrilib və sabah heç kim zəmanət verə bilməz ki, yenidən bu ölkəni bizə qarşı istifadə etməyəcəklər. Sabah Ermənistanda sabitlik yenidən pozulsa və revanşist qüvvələr hakimiyyəti ələ keçirsələr, Qarabağa iddialar məsələsinin yenidən gündəmə gəlməsini istisna etmək olmaz. Şübhəsiz ki, Ermənistanın buna hərbi qüdrəti çatmaz”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan diplomatiyası danışıqlar prosesində ən mümkün olanı etməyə çalışır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları məsələsi birdəfəlik Ermənistan qanunlarından və konstitusiyasından silinsin.
“Bu ümumxalq səsverməsi ilə baş versin. Belə olan təqdirdə sabah İrəvanda kimin hakimiyyəti zəbt etməyindən və hansı xarici qüvvənin yenidən bu münaqişəni körükləmək niyyətinə düşməsindən aslı olmayaraq bizim əlimizdə deməyə əsas olacaq ki, baxın erməni xalqı özü səs verərək bu ləkəni öz üzərindən götürdü. Daha heç bir dövlətə, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyəcək. Bu Azərbaycanın istədiyi çox məntiqli bir addımdır və bunu həyata keçirməklə Paşinyan üçün də bu xalqına xidmət baxımından önəmli olardı. Çünki biri var Paşinyan Ermənistanın baş naziri kimi sülh müqaviləsini imzalayır, hansı ki, sabah onun yerinə gələn hökumət bunu tanımaya bilər, biri də var ki, Ermənistan vətəndaşları ümumxalq səsverməsi ilə Azərbaycana qarşı ərazi iddialarının bir daha olmayacağını konstitusiyada təsbit etmiş olurlar, bunların miqyası və hüquqi qüvvəsi tamam fərqlidir. Bunun baş verməyəcəyi təqdirdə isə məsələlərin diplomatik müstəvidən yenidən hərbi müstəviyə keçmə ehtimalı hər zaman qalmaqdadır”.
Rəfiqə NAMAZƏLİYEVA