Rayonun baş memarı işdən çıxarıldı və barəsində cinayət işi açıldı

16 Avqust 2013 11:45 (UTC+04:00)
Azərbaycanda sahibkarların şikayəti əsasında vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, Neftçala şəhərinin baş memarı Rüstəm Tahirov Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 178.3-cü (dələduzluq) maddələri ilə təqsirli bilinir. Baş memarın barəsində başlanmış cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədən APA-ya bildirilib ki, R. Tahirovun barəsindəki cinayət işi hakim Rafiq Cəfərovun icraatına verilib. Artıq cinayət işi üzrə məhkəmə baxışı olub. Növbəti məhkəmə prosesi isə avqustun 20-nə təyin edilib.

Qeyd edək ki, R. Tahirov barəsində cinayət işi bir neçə sahibkarın şikayəti əsasında başlanıb. Belə ki, R. Tahirov rayonda sahibkarlıqla məşğul olan şəxslərə məxsus ticarət obyektlərinin sökülməsinə göstəriş verib. Obyektlərinin sökülməməsi müqabilində onlardan pul tələb edildiyi üçün həmin sahibkarlar şəhərin baş memarından prokurorluğa şikayət ediblər. Sahibkarın şikayəti araşdırılıb və fakta hüquqi qiymət verilib.

R. Tahirov barəsində cinayət işi başlanmaqla yanaşı, o tutduğu vəzifədən də uzaqlaşdırılıb. Lakin R. Tahirov barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib.

Onu da qeyd edək ki, bu ilin yanvarında Neftçala şəhərində bir qrup sahibkarla şəhərin baş memarı Rüstəm Tahirov arasında qarşıdurma yaranması barədə mətbuatda məlumat verilib.