Burada əsas məsələ Qərbin Cənubi Qafqazdakı siyasətidir" - AÇIQLAMA

16 İyul 2024 19:17 (UTC+04:00)

“Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə başlanan vətəndaş itaətsizliyi aksiyaları bir müddətdir ki, səngiyib. Bəzi ekspertlər onun tədricən güclənəcəyini və Baş nazir Nikol Paşinyanı devirəcəyini düşünürdü”.

“Artıq bir aya yaxındır ki, Qalstanyanın başçılıq etdiyi “Vətən naminə Tavuş” hərəkatı tərəfindən Ermənistanda ciddi etiraz dalğaları həyata keçirilmir. Ən son İrəvanda iyunun 12-də hərəkat üzvləri ilə İrəvan polisi arasında toqquşmalar baş verdi və orada 100-ə yaxın insan yaralandı. Bundan sonra hərəkat belə demək olarsa, əyləcə basaraq bir az yavaşladı və ümumiyyətlə etiraz dalğaları demək olar ki, səngidi. Düşünürəm ki, bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, Qalstanyan özü də gördü ki, 4000-10000 nəfərlə ölkədə çevriliş etmək qeyri-mümkündür. Çünki Qalstanyanı əsas dəstəkləyənlər Qarabağ klanı, radikal millətçilər, Erməni Qriqoryan kilsəsinin radikal tərəfdarları idi. Bu da sözsüz ki, əksəriyyət deyil. İkinci bir məqam ondan ibarətdir ki, düşünürəm ki, Rusiya ilə Paşinyan arasında müəyyən qeyri-rəsmi razılıq əldə olunub. Arxa səhnə diplomatiyası vasitəsilə Paşinyan Rusiya qarşısında müəyyən öhdəliklər götürüb. Bu öhdəliklər ilk növbədə Paşinyanın Qərb və Amerika siyasəti ilə bağlıdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Siyasi şərhçi bildirib ki, əgər bu siyasi kursunda Paşinyan yenə də dəyişiklik edərsə, yəni Rusiyanın verdiyi öhdəliklərini yerinə yetirməzsə, bu etiraz dalğaları yenidən alovlana bilər.

“Yaxın günlərdə NATO-nun sammiti baş tutdu. NATO-nun sammitində bir çox məqamlar, o cümlədən Cənubi Qafqaz müzakirə olundu. Hazırda NATO Cənubi Qafqazda maraqlı bir qüvvədir, aktordur və Ermənistandan öz maraqları naminə istifadə etməyə çalışır. Bütün bunların fonunda Rusiyanın Ermənistandan müəyyən tələblər irəli sürməsi Ermənistana qarşı təəccüb doğurmamalıdır. Çünki biz bilirik ki, postsovet məkanında Rusiya üçün həmişə ən böyük təhdid məhz elə NATO və NATO-nun genişlənməsi olmuşdur. Bu hərəkatın etiraz dalğaları ciddi bir nəticə doğurmadı və sözsüz ki, etiraz dalğasının rəhbəri Qalstanyan başda olmaqla bunu nəzərə almalı və daha yeni metodlara, taktikalara əl atmalı, kütləsini genişləndirməlidir. Hazırda da biz görürük ki, Qalstanyan bununla məşğuldur. Ermənistanın fərqli regionlarında çıxışlar edərək öz tərəfdarlarının sayını çoxaltmağa çalışır. Ən son belə bir açıqlama verdi ki, sentyabrın 2-dən etibarən yenidən etiraz dalğaları başlanacaq. Sentyabrdan etiraz dalğalarının başlanılacağını bildirdi və bu, sözsüz ki, istisna olunmamalıdır. Ancaq burada regional və qlobal güclərin geosiyasi rəqabəti mütləq şəkildə nəzərə alınmalıdır. Qərb nə istəyir? Rusiya nə istəyir? Rusiya, Ermənistana qarşı hansı tələblər irəli sürür?”.

“Paşinyanın hazırda Ermənistanda ciddi bir rəqibi də yoxdur. Əvvəlki Qarabağ klanından olan Köçəryan, Sarkisyandan da erməni xalqı artıq bezib. Uzun illər onların hakimiyyəti altında xalq hər birinin korrupsioner simasını gördü. Bu kimi səbəblərdən Paşinyana ciddi rəqib yoxdur. Paşinyan Baqrat Qalstanyanı müəyyən qədər də olsa dayandırmağı bacardı. Amma bu payız aylarında etiraz dalğalarının yenidən başlamayacağı anlamına gəlmir. Burada əsas məsələ Ermənistan- Rusiya münasibətlərinin hansı səviyyədə olması, eyni zamanda da Qərbin Cənubi Qafqazdakı siyasətidir”.

Rəfiqə NAMAZƏLİYEVA