"İran xarici siyasətinin kordinal şəkildə dəyişəcəyini gözləmək yanlışdır" - siyasi şərhçi

16 İyul 2024 19:23 (UTC+04:00)

“İran Prezidenti Məsud Pezeşkian “Tehran Tayms” qəzetinə verdiyi müsahibədə dünya ictimaiyyətinə müraciət edib. O qeyd edib ki, ABŞ reallığı görməli və birdəfəlik başa düşməlidir ki, İran təzyiqlərə cavab vermir. O, nüvə silahı məsələsinə də toxunaraq, İranın müdafiə doktrinasında nüvə silahı olmadığını bildirib: “İran nüvə silahı əldə etmək istəmir. Tehran qonşuları ilə əlaqələri genişləndirməyi və Avropa ilə əlaqə qurmağı planlaşdırır”.

“Bütün bunlar onu göstərir ki, İranın xüsusən xarici siyasətinin dəyişəcəyi ilə bağlı verilən proqnozlar, ümidli fikirlər özünü doğrultmayacaq. İran xarici siyasətinin kordinal şəkildə dəyişəcəyini gözləmək yanlışdır. Doğrudur, İranda prezident vəzifəsi önəmli postdur. Yəni bu vəzifəni heç də kiçiltmək olmaz. Ancaq o qədər səlahiyyətli və önəmli deyil ki, İranın xarici siyasətini, prinsipial qırmızı xətt elan etdiyi məsələləri dəyişsin”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

O qeyd edib ki, bu, İranın Amerikaya, İsrailə qarşı duruşu və xarici siyasətidir.

“Həmçinin bu məsələnin dəyişəcəyini gözləmək sadəlövhlük olar. Nüvə silahı məsələsində İran elan edir ki, bu, nüvə dinc məqsədlər üçündür, yəni silah əldə etmək niyyəti yoxdur. Amma istənilən halda uranın, atomun zənginləşdirilməsi ilə bağlı proqram da İranın çalışmalarının əsas hissəsini, İran siyasətinin ana xəttini təşkil edir. Pezeşkianın bu məsələlərdən geri çəkilməsi, kordinal dəyişikliklər etməsi inandırıcı deyil və mümkün də görünmür. Təbii ki, bu sadaladığımız məqamlara ciddi şəkildə toxunmayacaq müəyyən qərarların qəbul edilməsi mümkündür. Bunları mümkün sayıram. Lakin qəbul edilən qərarların ümumi prosesə və əsas ana xəttinə təsir etməyəcəyini düşünürəm”.

Rəfiqə NAMAZƏLİYEVA