“Ermənistanda hökümətə qarşı etiraz aksiyaları keçirən keşiş Baqrat Qalstanyan tərəfdarları ilə görüşüb. O, bildirib ki, hakimiyyətə qarşı mübarizənin yeni mərhələsinə hazırlıq gedir. Keşiş jurnalistlərə deyib ki, regionlara səfərlərin məqsədi sakinləri təşviq etmək və dəstək almaq, onların əhval-ruhiyyəsinin nə olduğunu anlamaqdır. Baqrat Qalstanyan əlavə edib ki, hərəkatın aktivləşmə mərhələsi sentyabrın əvvəlində başlayacaq”.
“Artıq son vaxtlar belə bir şübhə yaranıb ki, bu Ermənistanda baş verənlər, yəni Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyalarının hər biri qurmadır. Paşinyanın və mövcud hakimiyyətin oyunudur. Ancaq sentyabra doğru həqiqətən də keşiş Baqrat Qalstanyan ciddi aksiyalara başlaya bilər, mümkündür”.
Bunu AzNews.az-a açıqlamasında “Report” İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.
O qeyd edib ki, Paşinyan ictimai rəylə oynamağı, ictimai şüuru formalaşdırmağı bacaran siyasətçidir.
“İstisna etmirəm ki, bu Paşinyanın oyunu ola bilər. Hətta bunu da nəzərə alaq ki, həmin ərəfə, Paşinyanın Bakıya COP29-la bağlı mümkün səfəri ərəfəsinə düşür. Belə olduğu halda nə baş verəcək? Paşinyan qalxıb həm beynəlxalq ictimaiyyətə, həm daxili auditoriyasına deyəcək ki, əziz xalq və əziz beynəlxalq ictimaiyyət vəziyyət gərgindir: “Mən Azərbaycanın tələblərini yerinə yetirməsəm, vəziyyət daha da pisləşəcək və ölkə daxilində vətəndaş müharibəsi başlaya bilər. Mən hakimiyyətdən getsəm, həm xarici, həm daxili siyasətdə itirəcəyik”- deyə bir növ özünə yeni alibi yaradacaq. Daha sonra da sentyabrda, mümkündür ki, Azərbaycanın tələb etdiyi kimi Ermənistanda konstitusiya dəyişikliyi olsun. Bundan sonra da oktyabrda COP29-la bağlı Paşinyanın Azərbaycana səfəri kifayət qədər realdır. Hər halda biz ikitərəfli təmaslar nəticəsində bir vaxtlar möcüzə kimi görünən kifayət qədər addımların reallaşdığını görmüşük. Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, Paşinyan indiyə kimi çox aksiyalar, mitinqlər görüb. Belə çıxışlar çox olub, amma hakimiyyətini qoruya bilib. Bu nöqteyi-nəzərdən Paşinyan yenə də hakimiyyətdə qalacaq”.
Rəfiqə NAMAZƏLİYEVA