Azərbaycan BRİCS-ə niyə qoşulmaq istəyir? - AÇIQLAMA

18 İyul 2024 16:06 (UTC+04:00)

“Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən BRICS ölkələrinin Parlament Forumunun plenar sessiyasında çıxış edib. Azərbaycanın həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq etdiyini bildirən Sahibə Qafarova deyib: "Bu prinsiplər həm də BRİCS-in prioritetləridir. Azərbaycan BRİCS-ə qoşulmaq istəyir''.

“BRİCS dünyanın önəmli iqtisadi təşkilatlarından biri halına gəlir və etiraf etmək lazımdır ki, xüsusən son dövrlərdə BRİCS-in imkanları ilə bağlı kifayət qədər müzakirələr aparılır. Təbii ki, BRİCS kimi önəmli bir təşkilatda Azərbaycanın mövqeləri qazanması, buraya üzv olmaq istəməsi çox təbii və başa düşülən hadisədir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi təhlilçi Tural İsmayılov deyib.

O bildirib ki, BRİCS-i yaradan və bura üzv olan dövlətlər əhali sayına, təsir imkanlarına görə çox böyük imkanlara malikdirlər.

“Həmçinin konkret bir coğrafiyanı və bu coğrafiyaya yaxın ərazilərdə yerləşən ölkələri əhatə etmir. Burada Braziliyadan Rusiyaya həmçinin Cənubi Afrika Respublikasına və Hindistana qədər çox böyük qüvvələr, ölkələr təmsil olunurlar. Bu baxımdan Azərbaycanın BRİCS-ə qoşulmaq istəməsində məqsəd Azərbaycanın belə önəmli beynəlxalq iqtisadi təşkilat da yaxşı iqtisadi dividendlər əldə etməsinə hesablanıb. Hər halda BRİCS-i çox önəmli imkanları olan bir təşkilat kimi dəyərləndirmək lazımdır. Azərbaycan BRİCS üzvü olan ölkələrdən Rusiya ilə yaxşı münasibətlərə sahibdir. Cənubi Afrika Respublikası ilə bizim mövqelərimiz kifayət qədər yaxşıdır. Hindistanla müəyyən mənada səhv addımlarından ötrü narazılıqlar yaşansa da, bütövlükdə Azərbaycan ümumi olaraq BRİCS ölkələri ilə əlaqələrdə yaxşı bir siyasi situasiyanı formalaşdıra bilib. Bu baxımdan da Azərbaycanın BRİCS-ə qoşulmağı hər bir halda ölkəmizin iqtisadi mənafeləri baxımından ciddi faydalar gətirəcək”.

Rəfiqə NAMAZƏLİYEVA