Seçicilərin nəzərinə: Adınızı siyahıda tapa bilmirsiniz?

16 Avqust 2013 14:54 (UTC+04:00)
Seçkilərə iki aydan da az qalıb. Prezidentliyə namizədliyin irəli sürülməsi prosesinə avqustun 12-dən start verilib. Avqustun 20-dən sentyabrın 9-u axşam saat altıyadək namizədlərin qeydiyyatı üçün bütün zəruri sənədlər təhvil verilməlidir.

Sentyabrın 16-da isə seçki təşviqatı başlayır və seçki gününə bir gün qalmış (saat 20.00) dayandırılır. Təşviqat üçün yerlərin müəyyənləşdirilməsi 16 sentyabrda tamamlanır.

Seçki günü isə 7.50-də məntəqələr açıq elan edilir və seçki qutuları kilidlənir. 8-də seçkilərə start verilir və axşam 7-də proses başa çatır.

Səsvermənin gedişatı və seçicilərin iştirakı barədə ilkin məlumatlar seçki günü 5 dəfə verilir (Saat 10, 12, 15, 17 və 19.00).

Nəticələr barədə məlumatın İnternetdə yerləşdirilməsinə də 9 oktyabrda başlanılır və sonrakı günlər davam etdirilir.

İlk 24 saat ərzində nəticələr Dairə Seçki Komissiyalarından MSK-a göndərilir.

Konstitusiya Məhkəməsi oktyabrın 19-dan gec olmayaraq, nəticəni təsdiq etməlidir.

Yeni prezidentin inaqurasiyası, seçki nəticələri elan edildikdən üç gün sonra keçirilməlidir.

Görəsən, seçicilər necə seçkiyə hazırlaşır?

MSK-nın açıqladığı statistik rəqəmlərə görə bu il Prezident seçkilərində 4 986 296 seçici iştirak edə bilər.

Qadın seçicilərin sayı 2 462 983 nəfər, kişilərin sayı isə 2 523 313 nəfərdir: "İlk dəfə olaraq səsvermədə iştirak edənlərin sayı isə 114 minə yaxındır. Yaşı 85-90 arası olanların sayı 27 014, 90-100 arası olanların sayı 6 424, yaşı 100-dən yuxarı olanların sayı isə 825 nəfərdir.

18 yaşınız tamam olubsa, elə isə diqqətli olun. Sizin səsiniz çox önəmlidir və seçkinin taleyini həll edə bilər.

Seçicilər isə siyahıda adlarını tapmamaqda şikayətlənirlər. Onlar ya siyahıda adlarının olduğundan xəbərsizdir, ya da siyahıda ümumiyyyətlə adları yoxdur. Belə olan halda seçici neyləsin? O, adının siyahıda ən asan yolla necə tapsın və ya olmadığı təqdirdə necə siyahıya necə düşsün?

Seçici adını necə tapsın?

MSK-dan "Qafqazinfo"ya verilən məlumata görə, seçicilərə kömək üçün hər gün efirdə bu barədə video roliklər yayımlanır. Seçicilər həmçinin 115 saylı qaynar xəttə müraciət edərək bu barədə məlumat verə bilərlər. Bəzən olur ki, axtarışdan istifadə edə bilmirlər, ad və soyadlarını Azərbaycan deyil, ingilis şriftləri ilə yazırlar. Bunların hamısı təsir edir və onlar öz adlarını tapa bilmir.

Adının siyahıda olub olmadığını bilmək üçün birinci siyahını tapmalısan. Bunun üçün saatlarla seçki məntəqələrinin qarşısında gözləmək lazım deyil. Mərkəzi Seçki Komissiyasının rəsmi saytında siyahı artıq yerləşdirilib. MSK-dan isə verilən məlumatda bildirilir ki, seçki ilindən asılı olmayaraq hər il yanvar ayından seçki siyahılarının hazırlığına başlanılır, mayda isə siyahı hazır olur. Hazırda siyahıda yenə dəqiqləşdirmə aparılır.

Seçicinin siyahıda adını tapması üçün bir neçə yol var.

1. MSK-nın rəsmi saytına daxil olaraq

"Adınızı seçicilərin axtarış sistemi" yazılan düyməni vurub tələb olunan şərtləri doldurmalısız. Sonda isə axtar bölməsini seçin.

2. Seçki dairəsini bilirsizsə, buradan dairənin nömrəsini seçib sağ tərəfdə seçicilər siyahısından öz adınızı axtara bilərsiz

3. Seçicilər həmçinin ünvanların məntəqələr üzrə axtarışını da edə bilərlər. Rayonu seçib, yaşayış küçəsini yazandan sonra axtar düyməsini vurmanız kifayət edər.

Adını tapa bilməyən seçicilər isə qaynar xəttə online müraciət edə bilər. Onlar tələb olunan şərtlərə əməl etməklə qəbul et düyməsini basa bilərlər.

Seçkiyə isə çox az qalıb. Seçicilər elə bu gündən bu işə başlasalar yaxşı olar.

Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin "Bizim hüquq: imkan və çərçivələr" layihəsi üçün hazırlanıb.