Mursi tərəfdarlarının yürüşü dağıdıldı

16 Avqust 2013 15:40 (UTC+04:00)
Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin minlərlə tərəfdarının Qahirənin mərkəzinə yürüşü başlayıb.

Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən bildirib.

Məlumatda bildirilir ki, ordu qaz bombaları və odlu silahdan istifadə etməklə yürüşü dağıtmağa başlayıb. Hazırda dörd nəfərin öldüyü və on bir nəfərin yaralandığı barədə məlumat verilir.

"Müsəlman-Qardaşları" Qahirədə avqustun 16-da cümə namazından sonra yeni çoxmilyonluq etiraz aksiyaları keçirmək niyyətindədir. "Cümə qəzəbi" adlı yürüşlər Qahirənin bütün məscidlərində namazın qılınmasından sonra başlanacaq.

Misir ordusu çərşənbə günü səhər saatlarından etibarən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb.

Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb.

Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 638 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir.

AzNews.az