“Amerika Birləşmiş Ştatlarının regiona diqqətinin son dövrlər artması və ABŞ rəsmilərinin bölgəyə davamlı səfərləri bu prosesi irəli aparmaq məqsədi daşıyırdı. Eyni zamanda nəzərə almaq lazımdır ki, burada ilk olaraq Amerika Birləşmiş Ştatları öz marağını düşünərək aktivlik nümayiş etdirirdi. Bu aktivliyin arxasında iki məqsəd dururdu”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq qeyd edib ki, ABŞ Ermənistanda möhkəmlənmək, həmçinin möhkəmlənməklə bərabər Azərbaycan- Ermənistan arasında tez-tələsik bir sülh müqaviləsinin imzalanmasıına nail olmağa çalışırdı.
“Burada ən diqqətçəkən məqam ondan ibarətdir ki, Amerika tərəfi bu məsələdə Azərbaycandan daha çox Ermənistanın maraqlarını önə çəkirdi. Belə ki, Azərbaycan tərəfi Ermənistanla hərtərəfli sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin zəruriliyi haqqında dəfələrlə məsələ qaldırıb və Ermənistandan konstitusiya dəyişiklikləri üçün referendum keçirilməsini tələb edib. Bu, Azərbaycanın dəyişməz mövqeyi idi. Amerika Birləşmiş Ştatları isə çalışır ki, tez-tələsik Ermənistan Konstitusiyasında dəyişikliklər edilmədən sülh müqaviləsi imzalansın. Eyni zamanda həmin sülh müqaviləsinin tərkibinə Qarabağdan könüllü köçüb getmiş ermənilərin beynəlxalq mexanizmlər və nəzarət altında geri qaytarılması məsələsini də qarışdırmaq istəyir. Bu da təbii ki, Azərbaycan tərəfindən qəbul olunan bir yanaşma deyil. Faktiki olaraq Amerika Birləşmiş Ştatları Ermənistan vasitəsilə bölgəyə yerləşməklə bölgədə ayrıcı xətlər yaratmağa çalışır. Guya ABŞ-ın bu addımları Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına yönəlib. Bu, müəyyən qədər həqiqətə uyğun sayıla bilər. Lakin nəzərə almaq lazımdır ki, bu addımlar əslində ilk olaraq Azərbaycana və eyni zamanda Türkiyəyə qarşı yönəlib. Ermənistan baş nazirinin də Londonda görüşdən imtinası da məhz Amerika Birləşmiş Ştatları, o cümlədən Fransa tərəfindən verilən təlimatlar əsasında həyata keçirilib. Bu addımların təməlində 5 aprel Brüsseldə keçirilən üçtərəfli Amerika, Avropa İttifaqı və Ermənistan danışıqlarının durduğunu deyə bilərik”.
Rəfiqə NAMAZƏLİYEVA