“Son vaxtlar “3+2” formatı yenidən gündəmdədir. Qarşıdakı zamanda hətta Türkiyədə “3+3” formatında xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Bu o deməkdir ki, region ölkələri və regional güclər bu formatın canlandırılmasında maraq göstərirlər. Aydın məsələdir ki, bu format hələ İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni geosiyasi reallıq yarandığından məhz Azərbaycan və Türkiyə tərəfindən təklif olunmuşdur. Bu formatın əsas qayəsi ondan ibarətdir ki, bütün regional məsələlər məhz region dövlətləri tərəfindən müzakirə olunmalıdır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Siyasi şərhçi bildirib ki, bu format regiondaxili münaqişələrin, təhdidlərin həllinə, eyni zamanda region daxilində əməkdaşlığa və inkişafa aparacaq bir yol xəritəsini özündə ehtiva edir.
“Sadəcə, bu formatın gerçəkləşməsində müəyyən maneələr var idi və indi də var. Onlardan biri Gürcüstanın bu formatda iştirak etməsinə skeptik yanaşmasıdır. Çünki Rusiyada bu formatda iştirak edir. Digər tərəfdən ,Ermənistanın himayədarlarının bu formatda maraqlı olmaması və Ermənistanın bu formatda iştirak etməməyə təhrik etməsi özü də sözsüz ki, formatın tam şəkildə gerçəkləşməsinə maneə yaradan amillərdən biridir. Digər ölkələrin hər biri bu formatda maraqlıdırlar. Buna görə də format çərçivəsində tez-tez görüşlərin keçirilməsini dəstəkləyirlər. O ki qaldı bu format çərçivəsində sülh sazişinin imzalanmasına düşünmürəm ki, sülh sazişi hər hansı bir format çərçivəsində imzalanar. Sülh sazişi ikitərəfli bir sazişdir və bu böyük ehtimalla hər iki tərəfin keçirdiyi bir görüşdə imzalanacaqdır. Ancaq bu formatın sülh sazişinə töhfəsi ola bilər. O baxımdan əgər Ermənistan da iştirak edərsə, bu format çərçivəsində Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi daha da sürətlənə bilər. Eyni zamanda da sülh gündəliyi ən azından silinməz. Çünki Paşinyanın ən son addımı, Londonda Azərbaycan tərəfi ilə görüşdən imtina etməsi müəyyən qədər bu prosesə mənfi təsir göstərdi. İndiki halda bu cür görüşlərin baş verməsi vacibdir ki, tərəflər arasında mövqe yaxınlaşması olsun və sülhə doğru daha ciddi addımlar atılsın”.
Rəfiqə NAMAZƏLİYEVA