XXI əsr -Türk dünyasının inkişafı əsri olacaq!

11 İyul 2024 19:19 (UTC+04:00)


Son illər türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylər artırılıb. Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir. Azərbaycan da öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə çalışır. Təsadüfi deyil ki, son illərdə Türkdilli ölkələr arasında sıx mədəni və iqtisadi inteqrasiya təşəbbüsləri məhz ölkəmiz tərəfindən irəli sürülür və böyük uğurla reallaşdırılır. Artıq Türk Dövlətləri Təşkilatı beynəlxalq müstəvidə də mühüm və ciddi şəkildə hesablaşılan quruma çevrilməkdədir. Dövlətimizin başçısı İlham Əliyev iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən Zirvə görüşündə çıxışı zamanı qeyd edib ki, TDT dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir.
SİTAT:“Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.
Cənab Prezident həmçinin, Vətən müharibəsinin və Qarabağdakı antiterror tədbirlərinin nəticələri barədə məlumat verib, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğunu vurğulayıb. Azərbaycan Prezidenti Zirvə görüşündəki çıxışı zamanı türkdilli ölkələr arasındakı iqtisadi inteqrasiya barədə vacib fikirlər səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir.
“Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.” – dövlətimizin başçısı bildirib.
Gəlin TDT üzvü olan türkdilli ölkələr arasındakı iqtisadi perspektivi gözdən keçirək. Öncə onu qeyd edək ki, türk dövlətlərinin yaxınlaşması üçün nəqliyyat, ticarət və enerji əsas əhəmiyyətli sahələrdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi zərurəti ilə bağlı fikir birliyi var ki, bu da Gürcüstandan keçən marşrutla yanaşı, türk ölkələri arasında quru yolu ilə fasiləsiz əlaqəni təmin edəcəkdir.
Bundan başqa, əhalisinin ümumi sayı 300 milyon nəfərdən çox olan və total ÜDM-si 1,5 trilyon ABŞ dollarına çatan türk dövlətlərinin böyük iqtisadi potensialı var ki, bu da Türk İnvestisiya Fondu tərəfindən istifadə olunacaq. Bu, TDT ölkələrinin ilk birgə iqtisadi inteqrasiya layihəsidir. Artıq TDT-dəki bütün ölkələr ümidvardırlar ki. bu fond ölkələrimizin iqtisadi potensialının üzə çıxarılmasında mühüm rol oynayacaq. Bu olduqca real məsələdir.
Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə ən böyük iqtisadi töhfəsi hüç şübhəsiz ki, Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas həlqələrində biri hesab edilir. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi məqsədilə öz ərazisində zəruri infrastrukturu təmin edir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri xeyli artıb.
Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini yüksəltmək, 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni, Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların mallarının Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir. Şuşa sammitində həm Prezident İlham Əliyev, həm də qonaqlar çıxışları zamanı Orta Dəhlizin önəmini vurğulayıblar. Eyni zamanda, sammitdə COP29-un ölkəmizdə keçirilməsinə ciddi dəstək verilib.
Zirvə görüşündə imzalanan bəyanat isə Şuşa bəyannaməsinin davamıdır, o bəyannamədən doğan bu günün tələbi və sabaha çağırışdır. Bu görüş türk dünyasının birliyini daha da möhkəmləndirməklə yanaşı, eyni zamanda dünyaya bəyanat oldu ki, Şuşa, Qarabağ bütövlükdə tək Azərbaycanın deyil, türk dünyasının ən əziz məkanlarından biridir və ayrılmaz parçasıdır.
Eyni zamanda tədbirdə həm Macarıstanın, həm də Şimali Kipr Türk Respublikasının iştirakı və onların türk dövlətləri birliyinə məşvərətçi üzv kimi qəbul olunması ilə bağlı bəyannamədə xüsusi bəndin göstərilməsi də çox ciddi irəliləyişdir. Bununla həm TDT-nin sırası genişləndirilir, həm də münasibətlər daha da sıxlaşır.
Dünya mediası da Şuşada keçirilən bu tarixi Zirvə görüşünə geniş diqqət ayırıb. Təsadüfi deyil ki, İyulun 5-6 tarixlərində Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün özündə ehtiva etdiyi çağırışlar da hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Türk dünyasının birliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Dövlət başçısı İlham Əliyev Zirvə görüşndəki çıxışında bir daha diqqəti bu mühüm məqama yönəltdi ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsümü dəstəklədiyiniz və dəvətimizi qəbul edərək Şuşa şəhərinə gəldiyiniz üçün təşəkkür edirəm. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir.
Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi daha da sıx birləşdirir. Azərbaycan Prezidentinin Zirvə görüşündə qeyd etdiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır!

Muxtar Nağıyev,
YAP Səbail rayon təşkilatının sədri

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi sahəsi üzrə hazırlanmışdır.