Vüqar Əhmədov: “Qərbin Ermənistanla bağlı planları region üçün ciddi təhdidlər yaradır"

30 İyul 2024 16:48 (UTC+04:00)

“Qərb Cənubi Qafqazda vəziyyəti dəyişmək, yeni gərginlik yaratmaq üçün Ermənistanı silahlandırır. Ekspertlər iddia edir ki, Qərb, hətta İran, Hindistan vasitəsilə də İrəvanı yeni eskalasiyaya hazırlayır. Avropa İttifaqının Ermənistana müdafiə yardımı ayırması, ABŞ-ın İrəvanla hərbi təlim keçirməsi də proseslərin nə qədər ciddi və narahatverici olduğunu göstərir”.

“Qərbin Ermənistanla bağlı planları region üçün ciddi təhlükə və təhdidlər yaradır. Qərbin əks cəbhədə dayanması, məğlub və kapitulasiyaya uğramış Ermənistanı yenidən silahlandırmaq cəhdləri Cənubi Qafqazı qarşıdurma meydanına çevirə bilər. Sülh prosesinin uzanması, Paşinyan hökumətinin sülh istiqamətində real addımlar atmaması yenidən müharibə ehtimalını artırır”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Siyasi şərhçi qeyd edib ki, Qərb və digər ölkələrdən verilən silahlar Ermənistanın sülhə gəlməsinə mane olur.

“İndi Qərbə yeni münaqişə ocağı, xüsusən bu münaqişənin Cənubi Qafqazda baş verməsi və öz silahlarını nümayiş etdirməsi üçün maraqlı görünür. Qərbin sülhlə bağlı real planının olmaması isə aydın görünür, əks halda Paşinyan Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərdə iştiraka razılıq verərdi. Belə görünür ki, Qərb dövlətləri Ermənistanı yeni müharibəyə hazırlayır və bu Ermənistan üçün növbəti bir fəlakət olacaq. Alət ölkə olan Ermənistan müxtəlif xarici dövlətlərin regionda sabitliyi pozmaq alətinə çevrilib, rəsmi İrəvan xaricdən maliyyə almaq və sözdə Qərbə inteqrasiya adında bu cür təhriklərə gedərək Cənubi Qafqazı münaqişə ocağına çevirməyə cəhd edir”.

Rəfiqə NAMAZƏLİYEVA