Yaxın Şərqdə siyasi gedişlər... KİM MAT OLACAQ?

2 Avqust 2024 20:51 (UTC+04:00)

“Türkiyə Milli Müdafiə Nazirliyi Yaxın Şərqdə müharibənin miqyasının genişlənəcəyi barədə xəbərdarlıq edib. Bu barədə nazirliyin sözçüsü Zeki Aktürk bildirib. O, bunu İsrailin Yəmən və Liviyaya hücumları ilə əlaqələndirib: "Beləliklə, regionda gərginlik artır".

“Əslində Yaxın Şərqdə müharibənin genişlənməsi gözləniləndir. Çünki regionda maraqlı olan qüvvələr var. Bütün regionda maraqlı olan qüvvələr, hazırda məcazi mənada desək, bişməkdə olan yeməyə öz ədviyyatlarını qataraq, “töhfə”lərini verməyə çalışırlar. Əlbəttə, bu, ABŞ-a sərf edir. Çünki ABŞ İsrailin vasitəsilə bütün ərəb dünyasını zəiflətməyə çalışır. Artıq Livan hədəf alınır, raket hücumları olur, üstəgəl HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi çox ciddi məsələdir. Bu addımların ciddi nəticələri də olacaq”.

Bunu AzNews.az-a açıqlamasında “Report” İA-nin əməkdaşı, siyasi şərhçi Kənan Novruzov deyib.

O qeyd edib ki, İran əgər soyuqqanlı davrana bilməsə, aventüraya getsə artıq müharibə böyüyə bilər.

“Haniyənin məhz İranda və yeni prezident Məsud Pezeşkianın andiçmə mərasimində öldürülməsi çox ciddi siqnaldır. Bu, həm də İranın hazırkı hakimiyyətinə bir xəbərdarlıqdır. Bu o deməkdir ki, əgər onu öldürə biliriksə, səni də istənilən an öldürə bilərik. İranın təhlükəsizlik sisteminin bərbad gündə olmasından xəbər verir. Hətta istisna deyil ki, İran daxilində müxtəlif agent şəbəkəsi var. Bütün bunlar perspektivdə Yaxın Şərqdəki müharibənin genişlənməsinə zəmin yaradır. Bu yaxınlarda Rəcəb Tayyib Ərdoğan da Türkiyənin İsrailə girə biləcəyi ilə hədələdi. Təbii ki, yaxın vaxtlarda Türkiyənin İsrailə və yaxud da Yaxın Şərqə birbaşa hərbi müdaxiləsi nəzərdə tutulmur. Türkiyə mümkün qədər buna getməyəcək, çünki bu Türkiyə- İsrail hərbi toqquşmasının çox ağır nəticələri olar. Ancaq Ərdoğan bunu dilə gətiribsə, demək gözə də alır. Müharibə davam edərsə, hansısa mərhələdə Türkiyənin Fələstini tək qoyacağını düşünmürəm. Livan və digər ərazilər hədəf alındıqca əlbəttə müharibənin miqyası böyüyəcək. İştirakçıların sayı artacaq və böyük şahmat taxtasında daha ciddi münaqişələrə gətirib çıxaracaq”.

Rəfiqə NAMAZƏLİYEVA