Teleaparıcı İlham Mirzəyev ermənilərlə qalmaqalda

17 Avqust 2013 08:40 (UTC+04:00)
Tanınmış teleaparıcı və psixoloq İlham Mirzəyev "Dünyanı stressdən qoruyaq" adlı Ümumdünya Psixoloqlarının Elmi Konfransında iştirak edib.

Türkiyədə baş tutan tədbirə 50-dən artıqölkənin təmsilçisi qatılıb. Konfransda insan amili və ona ətraf mühitin, cəmiyyətdə doğan mənfi nüansların, ölkələrarası müharibələrin təsiri ilə bağlı dünya alimlərinin geniş məruzəsi dinlənilib. İlham Mirzəyev konfransda "Müharibənin sərt üzü: həyat itkisi" adlı məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycanın son illərdə yaşadıqları ictimai-siyasi gərginliyin qonşu ölkə olan Ermənistan tərəfindən törədilən Qarabağ müharibəsinin azərbaycanlıların şüurunda, psixologiyasında buraxdığı dərin izlərdən danışıb.

İ.Mirzəyevin çıxışı Ermənistanı təmsil edən nümayəndələr tərəfindən birmənalı qarşılanmayıb. Hər zaman olduğu kimi bu konfransda da erməni təmsilçiləri müdafiə xarakterli çıxışları ilə əsassız "faktlarını" ortaya qoyublar. Bu zaman dünya psixoloqları da tanınmış teleaparıcının səsinə səs verərək onları cavabsız buraxmayıb. Məruzəsində müəllifi olduğu "Sosialnıy psixoloqiya stressa" kitabından sitatlar gətirən İlham Mirzəyev Azərbaycan həqiqətlərindən sənədlərin dili ilə danışıb. Kitabda Xocalı faciəsi və Qarabağ döyüşlərində insanların başına gətirilən işgəncələri əks etdirən fotoşəkillər yer alıb. Rus dilində təqdim olunan kitabda Xocalı, Şuşa, Laçın kimi işğal altında olan ərazilərimizdə yaşanılan hadisələrin postravmatik təsiri iştirakçılara açıq-aydın izah olunub. Bu faktları təqdim edən və məruzəsi ilə reallıqlarını diqqətə çatdıran İ.Mirzəyevin sənədləri və əsaslı sübutları qarşısında həqiqəti danan erməni təmsilçiləri susmağa məcbur olublar.

Bahar
AzNews.az