Mürəkkəb siyasi həqiqəti ifşa edən sadə rəqəmlər - ŞƏRH

6 Avqust 2024 11:11 (UTC+04:00)

Heç tərəddüd etmədən deyə bilərik ki, siyasətdə istifadə olunan emosiyaların hədəfi həqiqəti gizlətməkdir. Emosiya obyektiv mənzərəni gizlədir və konkret siyasi hadisə ilə bağlı əhalinin sosial-siyasi təfəkküründə yanlış təsəvvürlərin formalaşdırılmasının səbəbi olur. Qeyd edilən təsbiti nəzərə alsaq, təsadüfi deyil ki, emosiya siyasətdə məhz demaqoqların və radikal düşərgənin əsas aləti olur.

Emosiya vasitəsilə aparılan məqsədli manipulyasiyalar həqiqəti təhrif edir və konkret məsələ ilə bağlı insanlarda yanlış sosial-siyasi stereotiplər formalaşdırılır. Onu da əlavə edə bilərik ki, “emosiya”, eyni zamanda, siyasi texnologiyaların çalışma düsturunun əsas elementlərindəndir. Elə ona görə də Qərbin qəbul olunmuş soyuqqanlı obrazına rəğmən, biz Qərb siyasətində mütəmadi olaraq müxtəlif emosional manipulyasiya nümunələrinə rast gələ bilirik. Yeri gəlmişkən, onu da xatırladaq ki, “rəngli inqilablar” texnologiyalarının əsasını da məhz emosional manipulyasiyalar təşkil edir. Siyasət üçün adi hesab olunan bu cür həqiqətləri vətəndaş mütləq bilməlidir. Bu mənada siyasi maarifləndirmənin müstəsna əhəmiyyəti var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin açıqlamasında yer alıb.

Politoloq bildirib ki, müxtəlif siyasi proseslər kontekstində təəssüflənməyə səbəb olsa da, digər vacib hesab ediləm bir siyasi həqiqəti də nəzərə almalıyıq: istənilən seçki müxtəlif siyasi qalmaqalların katalizatorudur. Şübhəsiz ki, seçki mühiti qərəzli manipulyasiyalar üçün əlverişli şərait yaradır. Dünya ölkələrinin siyasi tarixinə müraciət etsək açıq şəkildə görə bilərik ki, müxtəlif siyasi streslər ölkələrdə əsasən seçki ərəfəsində yaşanır. Əlbəttə ki, qeyd olunan statistika təsadüfi deyil və mütləq bu statistika Qərbin siyasi texnoloqları tərəfindən nəzərə alınır.

Yuxarıda qeyd olunanlar müstəvisində siyasətdə “qeybət” alqoritminin necə işlədiyini müəyyən etməyə çalışaq. Təəccüblənməyin, “qeybət” bilavasitə emosional manipulyasiyanın təzahürü və hətta alətidir. Öz təsdiqini tapmayan, yoxlanılmamış və ya uydurulmuş bir fakt siyasi dövriyyəyə buraxılır, daha sonra həmin fakt ətrafında ölkənin informasiya məkanında qərəz dolu subyektiv mülahizələr tirajlanır. Beləliklə, hazırlıqsız orta-statistik vətəndaşın konkret məsələlərlə bağlı təsəvvürləri məhz tirajlanan “qeybət” əsasında formalaşdırılır. Bununla da adi məişət təzahürü hesab olunan “qeybət” siyasi hadisələrin gedişatına təsir etmək üçün gücə çevrilir. Qeyd olunması yerinə düşər ki, sosial şəbəkələrin təsiretmə alqoritmi də məhz həmin “qeybət” prinsipinə söykənir.

Sözsüz ki, bu günlərdə ölkənin siyasi ritorikasının əsas mövzusunu məhz qarşıdan gələn parlament seçkiləri təşkil edir. Əslində, bu hal təbii və izaholunandır. Təbii olmayan bəzilərinin qərəzli şərhləri, izahı və bəraəti olmayan hal isə onların xain xislətləridir. Bu mənada mövcud halda bəzi həqiqətləri ifşa edən cəmi bir danılmaz fakta diqqət yetirək.

Bəli, seçicinin seçkilərdə iştirakı bilavasitə demokratiyanın təzahürüdür. Bu mənada seçkilərdə iştirak edən müxtəlif müşahidəçilər də həmin demokratiyanın seçkilərdəki “mühafizəçiləridir”. Mövcud konteksti inkişaf etdirərək müxtəlif informasiya resurslarında öz əksini tapmış bir neçə statistik rəqəmə diqqət yetirək. Belə ki, müxtəlif informasiya resurslarında öz əksini tapmış məlumatlara əsasən, avqustun 3-nə qeydə alınmış müşahidəçilərin ümumi sayı 18 min nəfərdən artıqdır. Diqqətçəkən daha bir məqam iki min nəfərə yaxın insanın seçkilərdə öz təşəbbüsü ilə müşahidəçi kimi qeydə alınmasıdır. Müxtəlif qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə isə üç min nəfərə yaxın şəxs seçkilərdə müşahidəçi olacaq. Mütəxəssislərin rəyinə əsasən, seçki günü yaxınlaşdıqca müşahidəçilərin sayının bir neçə dəfə artması istisna edilmir.

İndi isə qeyd olunan bu rəqəmlərin bizlərə nədən xəbər verdiyini müəyyən etməyə çalışaq. “Avqustun 3-nə rəsmi qeydə alınmış müşahidəçilərin ümumi sayı 18 min nəfərdən artıqdır” və “sözügedən rəqəm hətta bir neçə dəfəyə qədər arta da bilər” kimi faktlar hərfi mənada Azərbaycan üçün mükəmməl göstərici hesab oluna bilər. Nəzərə alsaq ki, ölkədə radikal təfəkkürün təcəssümü hesab oluna biləcək AXCP dövlətin rəsmi reyestrinə daxil olmaq çün 5 min üzvünün imzasını yalnız ikinci cəhddən sonra müvafiq dövlət qurumuna təqdim edə bilmişdir, hətta bu günə olan 18 min müşahidəçi sayı özünü müxalifətin “flaqmanı” hesab edən AXCP-nin ümumi sayından az qala 4 dəfədən artıqdır. Qərəzli tənqidçilərin üzünə sillə hesab oluna biləcək sözügedən statistika ölkədə yaşanan siyasi fəallığın göstəricisidir.

Maraqlı hesab olunan daha bir neçə rəqəm var. Yenə də avqustun 3-nə rəsmi statistikaya görə, seçkilərdə öz təşəbbüsü ilə müşahidəçi kimi iştirak edəcək şəxslərin sayı iki min nəfərdən artıqdır. Bu rəqəm isə əhalinin ölkənin siyasi həyatı ilə yaxından maraqlanmasından xəbər verir. Radikallar isə davamlı olaraq öz sosial şəbəkələrdəki səhifələri vasitəsilə bizləri inandırmağa çalışırlar ki, cəmiyyətdə ölkənin siyasi həyatına dair apatiya mövcuddur. Onların bu cür davranışı yenə də manipulyasiya xarakterli siyasi qərəzin təzahürüdür.

Müşahidəçi konteksti davam etdirərək onu da qeyd edək ki, mətbuatda olan məlumata əsasən, müxtəlif QHT-lərin təşəbbüsü ilə ümumilikdə üç min nəfərə yaxın şəxs seçkilərdə müşahidəçi olacaq. Beləliklə, vətəndaş cəmiyyəti institutları da seçkilərdə fəal iştirak etmək iddiasındadır. Mövcud məlumatlarda o da qeyd olunur ki, parlament seçkilərini müşahidə etmək üçün 5 beynəlxalq qurumdan və 23 ölkədən 94 nəfər akkreditə olunub. Bu rəqəm yaxın günlərdə əsaslı şəkildə artacaq.

Odur ki, manipulyasiya məqsədilə həqiqəti əks etdirməyən qərəzli məlumatları tirajlayan radikallar özlərinin bu cür davranışı ilə yanaşı, vətəndaş institutlarına da qarşı hörmətsiz münasibət sərgiləyirlər. Burada təbii olaraq suallar yaranır: öz siyasi fəaliyyətində dövlətə, cəmiyyətə və vətəndaş institutlarına söykənməyən radikallar kimə arxalanırlar? Onların “ilham” mənbəyi kimlərdir, kimlərin puludur? Odur ki, müşahidəçilər ilə bağlı olan sadə rəqəmlər, əslində, radikallarla əlaqədar mürəkkəb siyasi həqiqəti ifşa edirlər.