"Bu dəfə də erməniləri daha pis aqibət gözləyir" - siyasi şərhçi

6 Avqust 2024 18:51 (UTC+04:00)

“Ermənistan son vaxtlar sərhədyanı ərazilərdə “hava hücumu zamanı əhalinin xəbərdar edilməsi, sığınacaqlara yerləşdirilməsi və təxliyəsi üzrə işin təşkili” çərçivəsində hərbi təlimlər keçirir. Rəsmi İrəvanın Kəlbəcər və Laçın təxribatından sonra belə təlimlər keçirməsi diqqət çəkir”.

“Qeyd olunan istiqamətdə, Kəlbəcər və Laçın istiqamətində gərginliyin yaranmasının əsas səbəbkarı Ermənistan silahlı qüvvələridir, bu istiqamətdə hələ ki, sərhədlər tam delimitasiya olunmayıb. Erməni sərhədçiləri və erməni bayrağı bizim ərazilərə çox yaxın yerdə yerləşir”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O qeyd edib ki, qarşıda ermənilər tərəfindən növbəti təxribatları və qarşıdurmanı istisna etmək olmaz.

“Təxribat törədən ermənilər bunun layiqli cavabını alacaqlarını yaxşı bildiklərindən artıq o ərazilərə yaxın yerlərdə olan əhaliyə təlimlər keçirlər, əhalinin təxliyəsi və sığınacaqlarda yerləşdirilməsi ilə bağlı hazırlıqlar aparılır. Ümumiyyətlə düşünürəm ki, erməni sərhədçiləri və gömrüyü xüsusən Laçın və Kəlbəcər istiqamətində bizim ərazilərə bu qədər yaxın dura bilməz, orada erməni hərbi qüvvələri hər zaman təxribata əl ata bilərlər. Şübhəsiz ki, Azərbaycan tərəfi bu mənzərəni belə sonsuz müşahidə edəsi deyil. Biz görürük ki, Ermənisan öz havadarlarının vasitəsi ilə süni şəkildə vəziyyəti daha da gərginləşdirməyə çalışır, demarkasiya və delimitasiya və Zəngəzur dəhlizi ilə bağlı addım atmaq istəmir. Bütün bu həllini gözləyən məsələlər, erməni tərəfinin vaxtaşırı təxribatlara əl ataraq gərginlik yaratmaq cəhdləri istənilən an hadisələrin yenidən hərbi qarşıdurma nöqtəsinə çatmasına səbəb ola bilər. Bu dəfə də erməniləri daha pis aqibət gözləyir. İrəvanda yetərincə siyasi iradənin olmaması yenidən vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər”.

Rəfiqə NAMAZƏLİYEVA