Əməkdar artist: Ağdamda səs verəcəyəm

9 Avqust 2024 14:57 (UTC+04:00)

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra ilk dəfədir ki, parlament seçkiləri keçirilir. Mən də ilk dəfə Ağdamda parlament seçkilərində səs verəcəyəm”.

Bunu secki-2024.az saytına açıqlamasında muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti, Ağdam musiqi kollecinin direktoru Firuz Məmmədov (Firuz Səxavət) deyib.

O bildirib ki, Ağdamda seçki mühiti çox yaxşıdır: “Ağdamda seçkilərlə bağlı ciddi hazırlıq işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə məntəqələr yaradılıb. Hər kəs seçkilərdə iştirak edib öz namizədinə səs verəcəyi günü gözləyir”.

Əməkdar artist deyib ki, hazırda özü də Ağdamdadır: “Mən də buradayam, öz namizədimə səs verəcəm. İlk dəfə Ağdamda parlament seçkilərində səs verəcəyəm. Əhalinin əhval-ruhiyyəsi yuksək səviyyədədir. Bu torpaqlara geri dönməyimiz, seçkilərdə iştirak etməyimiz çox böyük sevincli və qürurludur. Bundan gözəl nə olar bilər ki?!”.