Prezident Balakəndə Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

17 Avqust 2013 10:30 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən Rayon Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Son illərdə Azərbaycanda mədəniyyətin inkişafına göstərilən qayğı daha da artmış, bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilib.

Mədəniyyətin və incəsənətin inkişafına diqqət yeni mədəniyyət ocaqlarının inşasında da özünü büruzə verir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət alıb. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturu yaradılmış, çoxlu sayda mədəniyyət obyektləri tikilib istifadəyə verilib. Balakəndə inşa olunan Mədəniyyət Mərkəzi də bu sırada mühüm yer tutur.

Dövlətimizin başçısına məlumat verilib ki, mərkəzin tikintisinə 2012-ci ilin iyulunda başlanıb. Təmir zamanı işlərin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Bunun nəticədir ki, indi mərkəzin binası rayonun gözəlliyinə əlavə çalarlar qatır. Yeni mədəniyyət obyektlərinin inşası, mövcud olanlarının yüksək səviyyədə bərpa olunması, müasir avadanlıqla təchiz edilməsi dövlətin mədəniyyətin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir. Görülən bütün tədbirlər bu gün mədəniyyət və incəsənət sahəsinin hərtərəfli inkişafına böyük stimul verib.

Binanın foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətin inkişafına diqqət və qayğılarını əks etdirən fotostend yaradılıb. İkimərtəbəli binanın ümumi sahəsi 3 min 244 kvadratmetrdir. Mərkəzdə yaradılan 381 kvadratmetrlik tamaşa zalında müxtəlif mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Müasir akustika sistemi ilə təchiz edilən 260 yerlik tamaşa zalının səhnəsi 121 kvadratmetrdir. Mərkəzdə yeməkxana, texniki və xidməti otaqlar da yaradılıb. Binanın ikinci mərtəbəsində isə müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdir. Burada rəsm zalı, heykəltəraşlıq, əmək, rəqs, musiqi dərnəkləri otaqları və müəllimlər otağı vardır. Mərkəzdə yaradılan şərait rayonun mədəniyyət və incəsənət işçilərinə yüksək səviyyədə fəaliyyət göstərməyə imkan verir.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı Balakən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon ictimaiyyəti adından çıxış edən Səbuhi Alqayev Balakənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

AzNews.az