Ermənistan Cənubi Qafqazda Yaxın Şərqin Suriya modelini yaradır - Aqşin Kərimov

14 Avqust 2024 16:10 (UTC+04:00)

“ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk “Röyter”ə açıqlamasında deyib ki, ABŞ Türkiyə də daxil olmaqla, bütün müttəfiqlərini Tehranı Yaxın Şərqdə gərginliyi azaltmağa inandırmağa çağırır. Digər tərəfdən ABŞ-ın Ermənistan ərazisinə həm silah, texnika, həm də canlı qüvvə gətirməsi ilə bağlı fikirlər mövcuddur”.

“ABŞ Yaxın Şərqdəki genişmiqyaslı eskalasiya risklərini özünə qarşı ölümcül diplomatik-siyasi, hərbi və iqtisadi qisas silsiləsinə təkan verən proses kimi qiymətləndirir. ABŞ-nin buna görə də, Türkiyə vasitəsilə İrana İsraillə müharibədən çəkindirmək mövqeyini çatdırması başa düşüləndir. Ağ Evin Yaxın Şərq regionunda yüksək profilli qorxusu onun Çin və Rusiya maraqları önündə uduzması riski ilə əlaqədar inkişaf edir. Çünki Yaxın Şərqdə münaqişələrin qızışması və müharibə arealının genişlənməsi Rusiya və Çinin regiondakı səviyyəsini qaldıran amilə çevrilir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov deyib.

Siyasi təhlilçi qeyd edib ki, ABŞ indi ehtimal olunan təhlükələrin tamamilə önlənməsini deyil, onun idarəetmə pultunu əlinə almaq məharətinə yiyələnməyi arzulayır.

“Yəni, ABŞ münaqişələrin oxunu Rusiya və Çinə qarşı müqavimət cəhəsi kimi inkişaf etdirməkdə maraqlı tərəf kimi çıxış edə bilər.

ABŞ-nin İran-İsrail mümkün geniş çaplı toqquşmasından ehtiyat etdiyi mövqe Tehranın Rusiyanı, Çini münaqişəyə dartıb gətirərək onları özünün dolayı dəstəkçilərinə çevirmək həyəcanına söykənir.

Üstəlik, İran-İsrail müharibəsi ssenariləri ABŞ-nin hərbi gücünü və siyasi potensialını yora bilər və Çinlə Rusiya Vaşinqtonun yorğunluğunu göstərən aparatı strateji mübarizə səviyyəsində yenidən test edə bilər. ABŞ-nin indi Türkiyə vasitəsilə diplomatik səyləri onun Yaxın Şərqlə bağlı geniş siyasətinin tərkib hissəsidir. Çünki Türkiyənin həm İran, həm Rusiya, həm də Çinlə yaxşı əlaqələri mövcuddur və əslində NATO üzvü kimi Ankaranın belə profili Yaxın Şərqdə ABŞ-nin də maraqlarını nisbi ifadə edir. Lakin Türkiyənin İsraillə münasibətlərinin pozulması və tərəflər arasında sərtləşən ritorika ABŞ-nin tədbirlər planını tormozlayır”.

“Bunlardan başqa, Türkiyə ilə ABŞ Suriya və İraqdakı mübarizədə əks cəbhələrdədirlər və Vaşinqton Ankaraya qarşı PKK kartını aktiv saxlayır. Ən qorxunc ssenarilərdən biri isə PKK kartının Cənubi Qafqazda oynanılma niyyəti ilə ortaya çıxa bilər. Cənubi Qafqazdakı hərarətin qalxması böyük güc mərkəzlərinin rəqabəti fonunda maraqlarını məhdudlaşdıra biləcək mühüm dinamika kimi təhlil edilə bilər. Ermənistana silah daşınmasının daha miqyaslı regional konteksti mövcuddur, burada Azərbaycan və Türkiyə maraqlarının sıxışdırılmasından tutmuş, İrana, Rusiyaya qarşı cəbhənin böyüdülməsi tendensiyalarına toxunmaq olar. Bu baxımdan geosiyasi diqqətlər Yaxın Şərq və Cənubi Qafqazın vahid strateji məkan kimi qavranılması ilə itilənir. Bu iki regionun eyni qazanda qaynama risklərinin böyüməsində Ermənistanın seçimi də rol oynamaqdadır. Yəni Ermənistanın edə biləcəyi seçim rəqiblərin eyni anda hər iki regionda toqquşan xətlərini genişləndirir”.

A.Kərimov sonda vurğulayıb ki, Ermənistan Cənubi Qafqazda Yaxın Şərqin Suriya modelini yaradır və bunu inkar etmək sadəcə naşılıq olar.

“Baxaq, Ermənistan ərazilərində Avropa İttifaqının hərbiləşmiş missiyası olmaqla yanaşı, orada uzun müddətdir mənzillənmiş Rusiyanın 102-ci bazası da qalmaqdadır. Bunlar azmış kimi, indi də ABŞ hərbçilərinin səbəbindən asılı olmayaraq Ermənistana gəlişi ölkə ərazisindəki qarşıdurma xətlərini alovlandıracaq. Azərbaycan və Türkiyənin yeni strateji qiymətləndirmələrə ehtiyacının yarandığını da vurğulamaq lazımdır”.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması sahəsi üzrə hazırlanmışdır.