Ermənistanın bunları etməsi regiona heç də sülh və sabitlik vəd etmir - Vüqar Əhmədov

14 Avqust 2024 16:42 (UTC+04:00)

“İran-İsrail gərginliyinin müharibə həddinə çatması, Ukrayna-Rusiya savaşında cəbhənin genişlənməsi və Belarusun prosesə qoşulması ehtimalı qaynar proseslərdən xəbər verir. Bunlarla yanaşı ABŞ Cənubi Qafqazda hərbi varlığını artırır. Belə ki, son zamanlar rəsmi Vaşinqtona məxsus təyyarələr Ermənistana enir, hərbçi dayışır”.

“Cənubi Qafqaz bütün bu bölgələrə yaxın yerdə yerləşdiyindən bölgədə hər hansı eskalasiya, İsraillə İran arasında hərbi əməliyyatlar olacağı təqdirdə ABŞ-nin məhz bu bölgədən müdaxilə edəcəyi gözləniləndir. Əvvəllər Cənubi Qafqaz Rusiyanın hərbi bazası rolunda çıxış edirdi və Ermənistanda yerləşən Rusiya hərbi bazaları bu rolu oynayırdı. Hazırda Rusiya bütün gücünü Ukrayna istiqamətində səfərbər edib və belə görünür ki, ciddi hərbi çatışmazlığı var, bu gedişlə ruslar Ermənistandan da çıxacaq”.

Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

O qeyd edib ki, Cənubi Qafqazdakı bu boşluğu isə Birləşmiş Ştatlar, NATO doldurmağa çalışır.

“ABŞ üçün Cənubi Qafqaz bu gün çox önəmli regiondur və istər İranla baş verə biləcək hər hansı qarşıdurma, istər Rusiyanın bu bölgədə təsirini azaltmaq üçün istifadə olunacaq. Belə görünür ki, ABŞ Cənubi Qafqazda hərbi-siyasi baxımdan daha çox möhkəmlənmək istəyir və onlar üçün ən əlverişli və uyğun mövqe Ermənistandır. Ermənistan məhz Qərb və ABŞ silahlı qüvvələrini bölgəyə cəlb etməklə regionda yeni hərbi qarşıdurmalara, hətta öz ərazisindən İrana qarşı istifadəyə yol verə bilər. Bu isə bölgədə artıq yeni bir müharibə ocağının yaranması demək olacaq. İndiki mürəkkəb situasiyada ən riskli addım Cənubi Qafqaza məhz yeni hərbi qüvvələrin cəmləşməsi və cəlb olunmasıdır. Rusiyadan uzaqlaşmaqda olan, eyni zamanda İranla özünü müttəfiq sayan Ermənistanın bütün bunları etməsi regiona heç də sülh və sabitlik vəd etmir”.

Rəfiqə NAMAZƏLİYEVA