“Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər Azərbaycanın demokratik ənənələrə sadiqliyinin növbəti nümunəsi olacaq. Ölkədə keçirilən seçkilərdə əldə olunan təcrübə, şəffaflığın təmin edilməsi məqsədilə müasir texnologiyaların tətbiq edilməsi buna əminlik yaradır”.
Bu fikirləri “Secki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında, Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas Əli Rzazadə deyib.
Azad olunmuş əraziləri də əhatə edən ilk parlament seçkilərinin keçirilməsini tarixi hadisə adlandıran Ə.Rzazadə qeyd edib ki, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında səsvermə hüququndan istifadə etməsi insan azadlığı və demokratik prinsiplərin təmin edilməsi baxımından əhəmiyyətlidir.
O, bütün seçicilərin seçkidə aktiv olmasının vacibliyini diqqətə çatdırıb.
“Səsvermə prosesində aktiv iştirak edərək səs vermək vətəndaşlıq borcudur. Çünki seçki hər bir ölkədə demokratiyanın inkişafının başlıca elementlərindəndir. Azərbaycan dövləti demokratik seçki keçirilməsi üçün həm qanunvericilik bazasını təkmilləşdirib, həm də səsvermə prosesinin daha mükəmməl şəkildə keçirmək üçün lazım olan bütün işləri həyata keçirib. Seçici aktivliyi demokratik dəyərlərin qorunması və daha da güclənməsi üçün vacibdir. Buna görə də təhsil sektoru da daxil olmaqla, bütün vətəndaşlarımız seçkidə aktiv olmalıdır”, - Ə.Rzazadə bildirib.