“Azərbaycan Vətən Müharibəsindəki qələbəsi və antiterror əməliyyatları keçirərək öz dövlət suverenliyini tam bərpa etməsi ilə bölgəmizdə və hətta böyük bir arealda yeni siyasi konfiqurasiyanı formalaşdırıb. Bu gün Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan yalnız bölgəmizdə yox, hətta qlobal anlamda da ölkə başçısı cənab İlham Əliyev Qoşulmama Hərəkatının rəhbəri və dünyanın nüfuzlu liderlərindən biri kimi qəbul edilməkdədir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.
Millət vəkili qeyd edib ki, bu gün bölgədə Azərbaycansız hər hansı bir siyasi və iqtisadi layihələrin gerçəkləşdirilməsi mümkün deyil.
“Bu gücün müqabilində təbii ki, gözü götürməyən qüvvələr, əsasən də erməni sevgisi olan, Cənubi Qafqazda digər maraqları olan ölkələr isə hər vəclə burada stabilliyin davamlı olmaması üçün əlindən gələni etməyə çalışırlar. Bunlara qarşı Azərbaycanın müqaviməti var. Ölkəmiz paralel olaraq inkişafını davam etdirir. İşğaldan azad etdiyimiz bölgələrdə sürətlə bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı icra olunur. O cümlədən Ermənistanla sülh münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün danışıqlar davam etdirilir. Hazırkı proseslərə baxsaq, dünyanın çalxalandığını görərik. Dünyada müharibələr, təhdidlər, terrorlar davam edir və artmaqdadır. Yeni konflikt ocaqları yaranır, bütün qitələrdə siyasi və hərbi gərginlik var. O cümlədən Ermənistanla münasibətlərin tənzimlənməsinə mane olan qüvvələr Fransa başda olmaqla ABŞ və digər qüvvələr də burada aktivləşirlər. Gücün qarşısında boyun əymək, arxasında hansısa qüvvə hiss etdikdə özünü daha rahat hiss etmək və istənilən anda xəyanət etmək bacarığını bu gün Ermənistan yenidən nümayiş etdirməkdədir”.
“İndiki halda Azərbaycan sülhün əldə olunması üçün bütün vacib, rasional addımlar atır. Azərbaycanın buradakı mövqeyi konkretdir. Bölgədə davamlı sülhün əldə olunması və bir çox şərtlərin irəli sürülməsi, həmin şərtlərin hər biri beynəlxalq hüquqa tam uyğun bir sistemdir. Hazırda biz Zəngəzur dəhlizinin açılmasında özünü maraqlı göstərən ABŞ, Avropa İttifaqı və Rusiyanı görürük. Həmçinin İran faktoru da var. Lakin Azərbaycan gücünü unutmaq olmaz. Elə cənab prezidentində söylədiyi kimi bir çox dövlətlər və qurumlar gedib, öz işləri ilə məşğul olsunlar, öz problemlərini özləri həll etsin. Azərbaycan necə ki, indiyə qədər vacib olan məsələləri öz gücünə həll etdi. Düşünürəm ki, bu məsələ də zamanı gəldikdə öz həllini tapacaq. Çünki indiyə qədər cənab İlham Əliyevin məqamı gəldikdə hər bir şeyi necə düzgün hesabladığı və doğru addım atdığının dəfələrlə şahidi olmuşuq. Bu məsələ də öz həllini lazım olanda tapacaq və bu dəhlizin açılması da kommunikasiyaların açılmasına, hətta Ermənistanın da inkişafına müsbət impulslar verəcək. Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, Ermənistanın da bu dəhlizdən istifadə etməsi, ümumiyyətlə bölgədə canlanmanın və daimi sülhün əldə olunması bölgəyə tərəqqi gətirəcəkdir”.
Rəfiqə NAMAZƏLİYEVA
QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi sahəsi üzrə hazırlanmışdır.
.png)