Suriyada daha bir azərbaycanlı öldürüldü - VİDEO

17 Avqust 2013 21:19 (UTC+04:00)
"Azad Suriya Ordusu" adlı silahlı qruplaşmanın tərkibində döyüşən azərbaycanlılardan olan Zaqatalanın Muxax kənd saklinlərindən daha bir nəfər Məhəmmədov Vahid Məhəmməd oğlunun bu ölkənin silahlı qüvvələri tərəfindən öldürülməsi barədə məlumat yayılıb.

Ciddi təkidimizdən sonra Vahidin atası Məhəmməd Məhəmmədov övladının ölməsi barədə sorğumuza susmaqla cavab verdi.

Qeyd edək ki, silahlı birləşmələrə rəhbərlik etdiyi deyilən rayon sakini Vahid Məmmədovun yayımlanan videosunda o digər döyüşçülərə nisbətən fərqli geyimi və üzərində daha çox silah olması ilə seçilirdi. Valideynləri onun hərbi xidmətdə olarkən xüsusi bölmədə hava hücumundan müdafiə sahəsində qulluq etdiyini bildirmişdilər. Ona məxsus hərbi biletdə də bu barədə rəsmi qeydiyyat aparılıb.

Valideynləri bildirdilər ki, fevral ayında evdən çıxan Vahid Məmmədovdan martın 14-də iki sözdən ibarət axırıncı mesajı gəlib "Mən yaxşıyam". Övladlarından soraq almayan valideynlər sonra youtubda onun görüntülərini izləyiblər. Məhz, bu hərəkətinə görə atası yeganə övladından inciyib.

Məhəmməd Məhəmmədov oğlundan daha çox onları bu işə cəlb edənləri günahlandırdı və onu bir də narahat etməməyimizi istədi.

Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan azərbaycanlıların əksəriyyətinin şimal bölgəsindən, əsasən isə Zaqataladan olması diqqəti çəkən məqamdır. Kənd sakinləri bunun səbəbini əsasən sözügedən rayonda müxtəlif təriqətlərin geniş yayılması, onların burada hədsiz fəallığı və gənclərin təsir altına daha tez düşməsi ilə əlaqələndirirlər.

Muxax kənd sakini Qəni Mahmudov: "Şəhid olar öz Vətəninin müdafiəsində. Suriyada müsəlman müsəlmana güllə atmaqla nə təhər şəhid ola bilər?"

Zaqatala sakinləri ilə söhbətlərimizdən məlum oldu ki, bu bölgədə güclü dini fanat ordusu mövcuddur ki, bu da Azərbaycan üçün az təhlükəli məsələ deyil.



AzNews.az