“Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilər Azərbaycan tarixində müstəsna bir əhəmiyyətə malikdir. Çünki parlament seçkiləri ilk dəfə olaraq bütün Azərbaycan ərazisini əhatə edəcək. Azad olunmuş ərazilər də daxil olmaqla, ölkənin hər bir bölgəsində seçicilər öz namizədlərinə səs verəcəklər. Bu, Azərbaycanın milli suverenliyini beynəlxalq aləmdə bir daha nümayiş etdirəcək. Azərbaycanın adı qlobal miqyasda etibarlı bir tərəfdaş kimi güclənəcək”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Almaniyanın Ruhr Universitetinin dosenti, İtaliyanın İqtisadi İnkişaf və Sosial Dəyişikliklər İnstitutunun direktor müavini, Stanford Universiteti tərəfindən dünyanın ən nüfuzlu alimləri siyahısına daxil edilmiş soydaşımız Dr. Elxan Riçard Sadik-Zadə deyib.
O qeyd edib ki, yeni parlament Azərbaycanın qarşıdakı onilliklərdə üzləşəcəyi müxtəlif çağırışlara cavab vermək üçün mühüm rol oynayacaq: “Azərbaycan COP29 tədbirlərinə ev sahibliyi etməklə, yaşıl gündəmdə liderlik iddiasını ortaya qoyub. Yəni Azərbaycan dünyada yeni söz sahibi kimi çıxış edir. Ölkənin bu sahədə beynəlxalq səviyyədə öncül mövqeyini gücləndirmək üçün zəruri qanunvericilik bazasını yaratmaq zəruridir. Bu da parlamentdən daha müasir və çevik yanaşmalar tələb edir. Yeni parlament yaşıl gündəm və davamlı inkişaf prinsiplərinə əsaslanan vacib addımlar atacaq”.
E.Sadik-Zadə vurğulayıb ki, yeni parlament daha geniş geosiyasi risklərin artdığı bir dövrdə fəaliyyət göstərəcək və bununla da qarşısında duran çağırışlar daha böyük olacaq. Bundan əlavə, bu seçki, Azərbaycanın regionda sabitlik və təhlükəsizlik baxımından mühüm bir oyunçu olaraq rolunu təsdiqləyəcək.
“Xaricdə yaşayan azərbaycanlılar üçün də bu seçki mühüm əhəmiyyət kəsb edir. Yeni parlament, müasir dövrün tələblərinə cavab verən, azad edilmiş əraziləri və Azərbaycan cəmiyyətinin bütün təbəqələrini əhatə edən bir qanunverici orqan olacaq. Bu seçki, yalnız bir parlament seçkisi deyil, həm də Azərbaycanın gələcəyini formalaşdıracaq tarixi qərarların qəbul edilməsi üçün bir fürsətdir”, - deyə o vurğulayıb.