“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Həm 44 günlük Vətən müharibəsində əldə olunmuş Şanlı Zəfər, həm də ötən il Qarabağda keçirilən antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaratdı”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev deyib.
O bildirib ki, bu il Azərbaycan tarixi bir mərhələyə imza atır. Çünki ölkədə ilk dəfə ərazi bütövlüyü tam təmin olunmuş formada növbədənkənar parlament seçkiləri keçiriləcək:
“Təkcə bir aktyor kimi deyil, həm də vətəndaş kimi bu tarixi anın bir parçası olmaqdan qürur duyuram. Bu vəziyyət Azərbaycanın müstəqil və suveren dövlət olaraq bölgədəki və dünyadakı mövqeyini gücləndirəcək. Seçkilərin şəffaf və ədalətli keçirilməsi ölkənin birliyi və bütünlüyü hissini daha da möhkəmləndirir”.
Əməkdar artist onu da qeyd edib ki, milli iradənin reallaşması, Azərbaycanın demokratik və iqtisadi inkişafını daha da irəlilədəcək. “Azərbaycan vətəndaşları bu seçkilərin ölkə həyatında yeni bir səhifənin açılmasına səbəb olacağına inanır”, - deyə Əməkdar artist əlavə edib.