Milli Şurada Əli İnsanov davası – QALMAQAL

18 Avqust 2013 13:02 (UTC+04:00)
Milli Şuranın bu gün keçiriləcək mitinqi öncəsi qurumda qalmaqal baş verib. Qalmaqala səbəb isə mitinqdə qaldırılacaq plakatların müəyyənləşdirilməsi məsələsi olub. Belə ki, AzNews.az-a daxil olan məlumata görə, Milli Şuranın mitinq komitəsinin dünən keçirilən iclasında qurumun bugünkü mitinqində şəkli qaldırılacaq şəxslərin sırasında sabiq səhiyyə naziri Əli İnsanovun də salınması təklif edilib. Mənbənin məlumatına görə, MŞ-də təmsil olunan bir qrup Qərbi azərbaycanlı təklif edib ki, mitinq zamanı Ə.İnsanovun da şəkilləri qaldırılsın. MŞ-in mitinq komitəsindəki AXCP və Müsavat üzvləri isə bu təklifə etiraz ediblər. Onlar bu təklifə ironiya edərək, o zaman sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin də şəkillərinin mitinqdə qaldırılmasını deyiblər. Ancaq MŞ-də qərbi azərbaycanlılar bu etiraza müqavimət göstəriblər.


Milli Şuranın üzvü Köçəri Nağıbəyli AzNews.az-ın əməkdaşı ilə söhbətində deyib ki, yaranmış mübahisədən xəbəri yoxdur: "Mən Mitinq Komitəsinin üzvü olmadığım üçün iclasda iştirak etməmişəm. Amma əgər, Əli İnsanovun plakatları meydana çıxarılmasa, mən növbəti iclasda bu məsələni qaldıracağam və buna kəskin etirazımı bildirəcəyəm".

Milli Şuranın digər üzvü, AXCP sədrinin müavini Asəf Quliyev isə, artıq Əli İnsanovun plakatlarının mitinqə aparılması barədə razılığa gəldiklərini bildirib. Onun sözlərinə görə, dünən iclasın yekununda qərara alınıb ki, bugünkü mitinqdə siyasi məhbusların plakatları arasında Ə.İnsanovun da şəkilləri olsun.

Elnur