“Parlament seçkiləri hər bir ölkənin demokratik inkişafının əsas göstəricilərindən biridir. Sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ölkənin əsas gündəm məsələlərindən biridir və bu seçkilərə xalqın böyük maraq göstərməsi bunu bir daha təsdiqləyir. Budəfəki seçkilərin xüsusiyyəti cəmiyyətin bütün sosial təbəqələrindən olan şəxslərin namizədliyini irəli sürməsində özünü göstərir. Bu, insanların seçmək və seçilmək kimi fundamental hüquqlarından xəbərdar olması və bu hüquqlardan istifadə etməsi anlamında bərabərliyin təmin edilməsini göstərir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, əsas diqqət çəkən məqam isə QHT-lərdən olan bir çox nüfuzlu şəxslərin parlament seçkilərinə namizədliklərini irəli sürməsidir: “QHT-lər arasında kifayət qədər hazırlıqlı şəxslər var ki, bu mübarizəyə qoşulmağa layiqdirlər. Qadınların da seçki prosesinə aktiv şəkildə qoşulması diqqət çəkən digər bir məqamdır. Proseslər göstərir ki, namizədliyini irəli sürən şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq heç bir maneə ilə qarşılaşmadan öz namizədliklərini irəli sürə biliblər. Seçkilərə olan bu maraq və iştirak, Azərbaycanda seçki mədəniyyətinin formalaşması ilə yanaşı vətəndaşların ölkənin həyatında aktiv iştirak etmək istəyini və seçkilərə olan inamını əks etdirir”.
QHT rəhbəri seçici olaraq bu seçkilərdən sonra qalib namizədlərin parlamentdə qeyri-hökumət təşkilatlarının və sosial həyatın inkişafına yönəlmiş mühüm qərarların qəbulunda daha fəal iştirak edəcəyinə inandığını qeyd edib.
“Namizədlərin əksəriyyəti ölkənin ictimai həyatında aktiv iştirak edən şəxslərdir. Yeni parlamentin yeniliklər və inkişafa doğru təmkinli addımlar atacağına böyük inamım var. Bütün namizədlərə uğurlar arzulayıram və əminəm ki, seçkilərdə qalib olan qadınlar ölkəmizin demokratik imicini və qadın hüquqlarının yüksək səviyyədə qorunduğunu bir daha göstərəcək”, -deyə Mehriban Zeynalova bildirib.