“Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib ki, ölkədə keçiriləcək seçkilərdən sonra parlament birpartiyalı sistemə keçə bilər. Ekspert Tenqiz Ablotiya isə iddia edib ki, “Gürcü Arzusu Partiyasının planı Rusiya ilə əməkdaşlıq yolu ilə Abxaziyanı geri qaytarmaqdır”.
“Təbii ki, bütün ölkələrin, o cümlədən Gürcüstanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var. Həm Abxaziya, həm də Şimali Osetiya beynəlxalq hüquq normalarına görə Gürcüstanın suveren ərazilərinə daxildir. Sadəcə, son vaxtlar Rusiya o əraziləri Gürcüstandan ayırmağa çalışıb və müəyyən mənada buna nail olub. Ancaq Gürcüstanın öz xarici siyasətini müəyyən etməsində bu faktorun təsiri həlledici xarakter daşımır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Siyasi şərhçi qeyd edib ki, Gürcüstan həmişə qərbyönümlü siyasət yürüdüb.
“Ancaq hakimiyyətdə olan “Gürcü arzusu” partiyası ölkədə xarici agentlərin fəaliyyət göstərməsini istəmir. Məsələnin məğzi, sadə izahı da bundan ibarətdir. Ona görə də xarici agentlər haqqında qanun qəbul olundu. Xarici ölkələrdən qrant alıb xarici ölkələrə xidmət edən qeyri-hökumət təşkilatlarının, eyni zamanda onlara bağlı qüvvələrin nəzarətə alınması prosesinə start verdi və bu da hüquqi cəhətdən tamamilə normal hadisədir. Çünki Amerika Birləşmiş Ştatları və Avropa Birliyi də qrant verdikləri təşkilatları özlərinin maraqları çərçivəsində fəaliyyət göstərməyə yönəldirdilər. Bu da Gürcüstanda Qərbin agentura sisteminin qurulması anlamı daşıyırdı”.
“Gürcüstan hökuməti də haqlı olaraq öz ərazisində hər hansı bir xarici qüvvələrin, o cümlədən Qərbin agentura sisteminin olmasını belə ifadə etsək, qrant agenturasının fəaliyyətini istəmir. Bunu Gürcüstanda müxalifətin qadağan olunması kimi də təqdim etmək yanlış olardı. Çünki müxalifət qətiyyən qadağan olunmayıb, Gürcüstanda fəaliyyət göstərir. Sadəcə, rəsmi Tiflis müxalifətin Qərbin təlimatları əsasında fəaliyyət göstərmək imkanlarını məhdudlaşdırıb. Müxalifət Gürcüstan xalqına xidmət etməlidir. Amerika Birləşmiş Ştatlarına və yaxud da Avropa Birliyinin maraqlarına deyil. Bu baxımdan Gürcüstanda siyasi cəhətdən müxalifətin qadağan olunması kimi bir proses mövcud deyil. Ancaq Amerika Birləşmiş Ştatları, Avropa Birliyi də Gürcüstanda qrant agenturasının fəaliyyətinin məhdudlaşdırılmasından ciddi şəkildə əndişəli və qəzəblidirlər. Buna görə də son məlumatlara görə, Gürcüstanda Amerika Birləşmiş Ştatlarının, eləcə də Avropa Birliyinin bəzi ölkələrinin bir dövlət çevrilişi cəhdi edəcəyi ilə bağlı məlumatlar mövcuddur. Həmin məlumatlara görə, oktyabrda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Gürcüstanda vəziyyəti qarışdırmağa çalışacaqlar. Bu prosesin davamında seçkilərin nəticəsinin tanınmasından imtina olunacaq və bu bəhanələr üzərindən də Gürcüstanda daxili iğtişaşların törədilməsinə cəhd göstəriləcək. Həmin məlumatlarda o da qeyd olunur ki, Amerika Birləşmiş Ştatları artıq Gürcüstanda “məxməri inqilab” və yaxud da “rəngli inqilab” ssenarisini ön plana çıxarıb. Gürcüstandakı qərbyönümlü müxalifət dairələrinə dövlət çevrilişi ilə nəticələnməli olan “məxməri inqilab” ssenarisinin icrasına yönəldilməsi ilə bağlı təlimatlar verilib”.
Rəfiqə NAMAZƏLİYEVA