Bakı yol polisindən piyadalara xəbərdarlıq

19 Avqust 2013 10:57 (UTC+04:00)
Bu il yanvarın 1-dən bu günə qədər Bakıda yol hərəkəti qaydalarını pozan 75 min piyada yol polisi əməkdaşları tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunub.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, məsuliyyətə cəlb edilən həmin piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələniblər. Məsuliyyətə cəlb edilən piyadaların əksəriyyəti isə yaşı 20-50 arasında olan vətəndaşlardır:

"Yol polisi yol hərəkəti qaydalarını pozan piyadalara reydləri bundan sonra da davam etdirəcək. Piyadalara qarşı reydlərin aparılmasında məqsəd piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Bununla əlaqədar piyadaları yol hərəkəti qaydalarını pozmamağa və intizamlı olmağa çağırırıq. Bir daha bildiririk ki, sürücülər kimi qaydaları pozan piyadalara da güzəştə gedilməyəcək və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılacaqlar."

AzNews.az