Azərbaycanda qorxulu virus yayılıb- SOS

19 Avqust 2013 12:38 (UTC+04:00)
Azərbaycanın aran rayonlarında iri və xırda buynuzlu mal-qara arasında infeksion xəstəlik yayılıb.

Saatlıda, Sabirabadda, İmişlidə mal-qara arasında yayılmış xəstəliyin bütün əlamətləri ilə dabaq olduğu bəlli olsa da, nədənsə, baytarlar bunu ciddi-cəhdlə gizlədirlər.

Bu barədə mətbuatda yayılan xəbərlərə Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti rəsmi açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli AzNews.az-a açılamasında bildirib ki, Aranda yayılan xəstəliyin dabaqla əlaqəsi yoxdur. Onun sözlərinə görə, bu xəstəliyin təhlükəsi onun yeni olması ilə əlaqədardır: "Heyvanlarda müşahidə olunan qızdırma teyleroz xəstəliyinin təsiri ilə baş verib. Laborator müayinələr göstərib ki, heyvanlarda müşahidə olunan tamamilə yeni xəstəlikdir. Bu, 3 virusun qarışığındandır. Gənə dişləməsindən əmələ gəlir".

Nazirlik rəsmisi deyib ki, vaksinasiya aparıldığı üçün dabaq xəstəliyi ehtimalı deyil.

Xidmət rəhbəri onu da bildirib ki, sözü gedən xəstəlikdən müdafiə tədbirlərini görmək fermerlərin özünün həll etməli olduğu məsələdir:
"Fermerlər həkimlərlə müqavilə bağlamalı, lazım olan dərmanları vaxtında alıb vurmalı idi. Vaksinasiyanı da özləri aparmalı idi".

Heyvanların yeni xəstəlikdən ölmədiyini vurğulayan Y.Xanvəlinin sözlərinə görə, bu dərdin əlacı var: "Vaxtında müdaxilə olunarsa, lazım olan müalicə nəticəsində heyvanlar 3 gün ərzində sağalır".

Bu xəstəlik insana yoluxmur. Heyvandan heyvana yalnız ağcaqanadlar, qansoran həşəratlar vasitəsi ilə keçə bilər. Xəstəlik nəticəsində balasalma, ölü bala doğulması, sinir sisteminin pozulması müşahidə edilir. Hal-hazırda 17 Aran rayonunda bu xəstəlik mövcuddur.

Ruhiyyə
AzNews.az