İki nəfərin ölümündə təqsirli bilinən sürücüyə hökm oxundu

19 Avqust 2013 16:21 (UTC+04:00)
Şəki Ağır Cinayətlər Məhkəməsində ağır yol qəzası törətməkdə ittiham olunan Balakən rayon sakini Həbib Kaltayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Həbib Kaltayev 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 15 dekabr 2012-ci il tarixdə, saat 21:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Balakən rayonu ərazisindən keçən 153-cü km-də 1982-ci il təvəllüdlü Balakən rayon sakini Kaltayev Həbib Əziz oğlunun idarə etdiyi "VAZ-2104" markalı, 36-BC-918 dövlət qeydiyyat nişanlı avtomobillə 1989-cu il təvəllüdlü Balakən rayon sakini Novruzov Samir Nəsrəddin oğlunun idarə etdiyi "ZİL" markalı, 85-BL-295 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Qəza nəticəsində "VAZ-2104" markalı avtomobildə olan sərnişinlər, Balakən rayon sakinləri, 1981-ci il təvəllüdlü Telliyev Sahib İsmixan oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Nəbi oğlu aldığları xəsarətlərdən hadisə yerində ölüblər, avtomobilin sürücüsü H. Kaltayev və digər sərnişin, 1990-ci il təvəllüdlü Doldolov Muhuma Mansur oğlu xəsarət alaraq Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlara vaxtında tibbi yardım göstərildiyindən həyatlarını xilas etmək mümkün olub.

İstintaq araşdırması zamanı yol qəzasının baş verməsində Həbib Kaltayevin günahkar olduğu müəyyən edilib və onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü) maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az