Azərbaycanda dəhşətli qəza: 4 yaralı

20 Avqust 2013 07:48 (UTC+04:00)
Şəkidə baş verən yol qəzasında dörd nəfər xəsarət alıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza Şəki-Qax yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki rayonu Aşağı Göynük kənd sakini, 1978-ci il təvəllüdlü İsmayılov Elnur Səməd oğlu idarə etdiyi "VAZ 21154" markalı, 10 NZ 916 nişan dövlət nömrəli avtomobillə Şəki şəhəri istiqamətində hərəkətdə olarkən avtomobil hərəkət istiqamətini itirərək yolun kənarındakı beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü Elnur İsmayılov, avtomobildə olan sərnişinlər E. İsmayılovun həmkəndliləri - 1978-ci il təvəllüdlü Hacıyev Rafiq Əziz oğlu, 1978-ci il təvəllüdlü Osmanov Rəşad Əhməd oğlu və 1977-ci il təvəllüdlü Abdürəhmanov Nakəm Qurbanəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) yerləşdiriliblər. Xəstəxanadan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan sürücü E. İsmayılovun vəziyyəti yüngül olduğundan ilkin yardımdan sonra ambulotor müalicə üçün evə buraxılıb.

R. Hacıyevin vəziyyəti ağır olduğundan ilkin yardım edildikdən sonra o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Digər iki nəfər R. Osmanov və N. Abdürəhmanovun vəziyyəti orta-stabil hesab edilir, müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

AzNews.az