İlham Əliyevin sənədləri bu gün MSK-ya təqdim edildi

20 Avqust 2013 10:33 (UTC+04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi üçün imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Bu barədə Trend-ə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov məlumat verib.
S.Novruzov bildirib ki, 45 min imza olmaqla 900 imza vərəqəsi müvafiq sənədlərlə birgə MSK-ya təqdim edilib.

Qeyd edək ki, seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən prezidentliyə namizədlərin sayı 17-dir. Onlardan 12 nəfərinin prezidentliyə namizədliyi təsdiq edilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

AzNews.az