“Milli Şurada yarıya bölünmüşük” - Eldəniz Quliyev

20 Avqust 2013 11:29 (UTC+04:00)
Eldar Namazov cəbhəsi təslim olmur: "Hələ hər şey bitməyib"
"Milli Şurada bir dağınıqlıq əhval-ruhiyyəsi var və artıq bunu gizlətmək də mümkün deyil. Ancaq bununla belə, Milli Şuradan kiminsə çıxıb getməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil"


Bu sözləri AzNews.az-a açıqlamasında "El" Hərəkatının Ali Məclis sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O bildirib ki, Milli Şurada bir-birinə antoqonist mövqedə dayanan tərəflər belə, iki məsələdə eyni düşünürlər: 1. Milli Şuranın mövcudluğunu qorumaq. 2. Rüstəm İbrahimbəyovun vahid namizədliyini sona qədər müdafiə etmək.
E.Quliyevin sözlərinə görə, bu iki fikir ətrafında ortaq məxrəcə gəlindiyi üçün parçalanmadan söhbət gedə bilməz: "Bəli, Milli Şurada fikir ayrılığı mövcuddur. Ancaq mənə elə gəlir ki, bu günlərdə konsensusa gəlinəcək".

MŞ üzvü deyib ki, Milli Şurada vacib əhəmiyyət kəsb edən məsələlər səsvermədə tam əksəriyyətin səsi ilə qəbul edilməlidir: "Əgər dünənki kimi səsvermədə 1 səs fərq yaranırsa, deməli həyəcan siqnalı çalınmalıdır. Bu təbiidir. Bu, bir tərəfdən sevindirir ki, hər hansı ciddi məsələnin müzakirəsində bütün tərəflərin mövqeyi nəzərə alınır. Ancaq hesab edirəm ki, nəticədən danışmaq çox tezdir". E.Quliyevin sözlərinə görə, 43-ə qarşı 42 səsin olması nəticədən danışmağın erkən olduğunu göstərir: "Bu səs göstəricisi arasında uçurum yox, xırda bir maneə var. Biz o maneəni bərabərlik işarəsinə çevirməyə çalışırıq". "El" rəsmisinin fikrincə, səsvermədə MŞ-in bütün üzvləri iştirak etsəydi, səsverməni yekunu 1 səs fərqi ilə nəticələnməz, indikindən tamamilə fərqli olardı.

E.Quliyev deyib ki, dünənki səsvermənin yekununda məğlub və qalib tərəf yoxdur:

"Milli Şurada əsas qərarlar hamılıqla, konsensusla qəbul olunmalıdır. Biz qalib və məğlub tərəf ifadələrini leksikonumuzdan çıxarmalıyıq". MŞ nümayəndəsi onu da bildirib ki, qurumun ehtiyat namizədinin kimliyi ilə bağlı müzakirələr açılacağı təqdirdə, "El"in də təklifləri olacaq:

""El"in özündə kifayət qədər, hətta partiyalardan daha çox intellektuallar cəlb olunub. Misalçün, Zəfər Quliyev namizədlik üçün adı çəkilənlərin heç birindən əskik deyil. Digər adamlar da var. "El" bu məsələdə xeyli qabaqdadır. Belə bir məsələ gündəmə gələrsə, hərəkat olaraq, Ali Məclisdə bunu müzakirə edəcək və öz təklifimizi verəcəyik". Bununla belə, E.Quliyev deyib ki, hələ hər şey bitməyib və bu məsələ müzakirə mövzusudur və yaxın günlərdə toplanıb, bu məsələni yenidən müzakirə edəcəklər: "Bir səs hələ heç nəyi həll etmir. Bu məsələ hələ bitməyib. 43 səs toplayan tərəf də bunu anlayır ki, bu məsələ bitməyib. Çünki təxminən yarıya bölünmüşük". "El" Ali Məclis sədrinin sözlərinə görə, onlar səsverməyə hörmətlə yanaşırlar, ancaq səsvermə misalçün, 70-in 10-a olsaydı, bununla razılaşmaq olardı, burada isə 1 səs fərq var və bu səbəbdən də məsələ yenidən dartışılmalıdır.

Anar
AzNews.az