"Aşıq sazı köynəyindən çıxardı, döyrə vurub girdi meydana..." Heykəldə "donan" an budur". Bu barədə Aznews.az analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı öz Facebook səhifəsində yazıb. Aşıq Ələsgərə qoyulan heykəllə bağlı müzakirələrə qoşulan Baş redaktor bir neçə məqama diqqət çəkib:
- "Ələsgərəm, hər elmdən halıyam" deyən Aşıq yazıb-oxumaq bilmirdi. Onun elmi güclü hafizəsi hesabına xalqın şifahi yaddaşı hesabına formalaşmışdı.
- Aşıq Ələsgər xaraktercə mətin, görkəmcə xarizmatik, auraca güclü, iri cüssəli bir insan idi. Açıq sözlü idi.
- Solaxay idi.
- Doğulduğu Ağkilsə kəndinin əhalisi Güney Azərbaycan mənşəli idi.
- Gec evlənmişdi, həyat yoldaşı Kəlbəcərin Yanşaq kəndindən idi. Daha sonra bir neçə il bu kənddə yaşadı, amma sonra öz obasına döndü.
- Şaman idi. Ona görə də "haqq aşığı" hesab olunurdu.
- Heykəldə sazın sinəsi səmaya baxır. Bu sazın və aşığın səmaviliyini simgələyir.
- Aşıq sazın bütün simlərinə toxunur. Bu, "Dilqəmidən Müxəmməsə" anlamı verir və Aşıq Ələsgərin məharətinə, ustadlığına işarə edir.
- Aşığın siması oğlu Aşıq Talıba bənzədilib, bu, Ələsgərin gerçək fiziki görsənişinə ən yaxın olan versiyadır.
- Simada aşıq özünə qapanıb, bu aşığın öz dünyasında olduğunu əks etdirir.
- Aşığın ayaqları yerə bərk basılıb, eyni zamanda, irəli dirəklənib. Bu, torpağa bağlılıq və qayıdışı simgələyir".