Azərbaycan CAR-dan 13 milyon dollarlıq silah alıb

20 Avqust 2013 13:03 (UTC+04:00)
Cənubi Afrika Respublikası (CAR) bu ilin ikinci rübündə 167 milyon dollar məbləğində silah satıb.

APA-nın məlumatına görə, bu barədə CAR Silah Nəzarəti üzrə Milli Komitəsinin təqdim etdiyi hesabatda deyilir. Məlumata əsasən bu, ötən ilin analoji dövrü ilə müqayisədə 108 milyon dollar azdır.

Hesabata əsasən, aprel-iyun aylarında CAR-ın əsas silah sifarişçiləri ABŞ, Tailand və İsveç olub. Bu ölkələr ümumilikdə CAR-dan silah almağa 141 milyon dollar sərf ediblər.

Komitənin təqdim etdiyi hesabatda həmçinin deyilir ki, Azərbaycan bu müddət ərzində CAR silahlarına təxminən 13 milyon dollar xərcləyib. Hesabatda Azərbaycanın konkret olaraq hansı silahların alınması barədə məlumat verilməsə də, Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutu bildirir ki, Azərbaycan CAR-dan 2011-ci ildə etdiyi sifariş əsasında 30 "Marauder" və 30 "Matador" tipli minaya qarşı nəqliyyat vasitələri alıb.

AzNews.az