Prezidentin oğlunun təhsilhaqqısı məlum oldu- 3250 manat

20 Avqust 2013 16:10 (UTC+04:00)
Ölkə prezidentinin bu il tələbə adını qazanmış oğlu Heydər Əliyevin 590 balla Azərbaycan Diplomatiya Akademiyasına daxil olduğu barədə ictimaiyyət artıq məlumatlıdır.

O da məlumdur ki, 1997-ci il təvəllüdlü Heydər Əliyev akademiyanın beynəlxalq münasibətlər ixtisası üzrə ödənişli əsaslarla təhsil alacaq.
Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər ixtisası ölkə ali məktəblərinin ixtisasları arasında ən prestijlilərindəndir.

Maraqlıdır, bu ixtisas üzrə təhsil haqqı nə qədərdir? Modern.az saytı bunu araşdırıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a bildirlib ki, Azərbaycan Diplomatiya Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə təhsilhaqqı 3250 manat təşkil edır.

Qeyd edək ki, Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksini bitirən prezident oğlu təhsil naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında" əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, qızıl medalla təltif olunub.

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev bu il ali məktəblərə keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edib. Heydər Əliyev tələbə adını qazanmaq üçün imtahanı Prezident yanında Dövlət İdarəçilik Akademiyasında verib.

Yeri gəlmişkən, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi bu il yüksək balla universitetlərə qəbul olan məzunlarının adlarını açıqlayıb.
Məzunlar arasında 590 balla Azərbaycan Diplomatiya Akademiyasının beynəlxalq münasibətlər ixtisasına qəbul olan Heydər Əliyevin də adı var.

AzNews.az